Qərbin parçalanma NÖQTƏSİ: Grenlandiya ABŞ və Avropanı düşmən edir?
“Grenlandiya Danimarka hökumətindən məmnundur və ABŞ-nin hərbi müdaxiləsi mümkün deyil”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

Politoloq ABŞ-nin Grenlandiya siyasətində yumşalmaya getməsini və işğal planlarından imtina etməsini belə şərh edib:
“Grenlandiya hüquqi cəhətdən Danimarkanın tərkibindədir və ABŞ indiki halda heç bir şəkildə Danimarka kimi güclü bir ölkə ilə üz-üzə gəlmək istəməz. Nəzərə alaq ki, Danimarka NATO-nun əsas üzvlərindən biridir. ABŞ-nin Grenlandiyanı ələ keçirmək siyasəti NATO-nun parçalanmasına zəmin yarada bilər və sonda Amerikanın NATO-dan çıxarılmasına gətirib çıxarar. Bu, öz-özlüyündə Qərb blokunun parçalanması deməkdir ki, indiki şəraitdə Rusiya və Çinlə mübarizə mərhələsində Amerikanın belə bir addım atacağı şübhəlidir. Buna görə də dəfələrlə bildirmişəm ki, Trampın Grenlandiyanı ələ keçirmək planı gələcəkdə reallaşa bilər, amma hazırda mümkün deyil. Bunun müəyyən mərhələləri var. Hal-hazırkı beynəlxalq münasibətlər səviyyəsində ABŞ-nin bu addımı atması onun öz ziyanına işləyəcək”.
Z. Əmrəliyev qeyd edib ki, ABŞ-nin Grenlandiya ilə bağlı fərqli planları var:
“ABŞ indiki halda Grenlandiyaya qarşı ‘yumşaq güc’ siyasəti tətbiq edəcək; daha çox əməkdaşlıq etmək və əhalinin problemlərini dinləmək xəttini yürüdəcək. Ümumilikdə, hərbi yolla ölkəni işğal etməsi real görünmür. ABŞ mərhələli şəkildə Grenlandiya əhalisinin inteqrasiya prosesini sürətləndirəcək ki, bu da ölkənin ‘yumşaq işğalı’ anlamına gəlir. Hərbi müdaxilə nəzəri cəhətdən mümkün olsa da, hələ çox tezdir. İşğal üçün əvvəlcə əhali arasında etimad mühiti yaradılmalıdır ki, Grenlandiya xalqı könüllü şəkildə Amerika ilə birləşməyə razı olsun”.
Politoloq əlavə edib ki, ABŞ gələcəkdə Grenlandiyada referendum yolu ilə birləşməni təmin edə bilər:
“Gələcəkdə ABŞ təzyiq göstərərək Grenlandiyada referendum keçirilməsinə nail ola bilər. Hazırda isə əhali Danimarka hökumətindən məmnundur. Ada Danimarkaya tabe olduğu müddətcə ABŞ-nin hər hansı hərbi addım atması mümkünsüzdür”.
Nurlan Cəfəri












