Mövzumuz İrandır. Yox, gəlin daha dəqiq danışaq, mövzumuz Güney Azərbaycandır. Kimisi üçün bu günlərdə, bizimçünsə illərdir. Bu günlərdə İran adlanan dövlətin etdiklərinə təəccüblənənləri, bizə qarşı edilən açıq düşmənçilikdən qeyzlənənləri gördükcə yaddaşım illər öncədən hadisələri tapıb gətirir. Doxsanıncı illərə, həmin illərdə fars şovinizminin etdiklərinə dönürəm, baxıram və düşünürəm ki, “məgər bu düşmənçilik bu günmü başlandı?”
Biz bu gün İranın Ermənistanın ən ucqar rayonunda, Qafanda tələm-tələsik açdığı konsulluğa görə əsəbiləşirik. (Burada bir haşiyəyə çıxmasam olmaz ki, bizim kəndçi Məhi kişi, heç vaxt öz heyvanlarını suvağı qurumamış tövləyə buraxmaz, qoyun- keçisinin qədrini bilərdi.) Amma doxsanıncı illlərdə İranın Naxçıvan konsulluğu bundan daha qorxulu, daha zərərli idi. İndi şükür, oyun açıq oynanılır. Amma o zamanlar İran tərəfindən Naxçıvan əhalisinə paylanan “İran pasportları” çox gizli və sirli düşmənçilik üçün mühüm vasitə idi. O vaxtlar İran konsulluğu öz əməkdaşları və çuğulları vasitəsi ilə Türkiyənin Naxçıvandakı firmaları, dükanları, xülasə, Türkiyə Cümhuriyyəti ilə hər hansı problemi ola biləcək adamlara “İran pasportun varsa, sən bizim vətəndaşımız sayılırsan, biz o problemi həll edərik” siqnalları verirdi. Bu pasportlar üzdə humanistlik, blokadada olan Naxçıvan camaatına kömək kimi görünsə də, alt qatlarda çox zərərli məqsədlər daşıyırdı.
Biz bu gün İranın Putinə şiə deməyinə, işğalçı Rusiyanı dəstəkləməyinə əsəbiləşirik, amma İranın bizə “şiə qardaşım” deməsi daha zərərlidir. Bu “qardaşlıq” altında nələrin gizləndiyi, hansı fəaliyyətlər yürüdüldüyü dəfələrlə aşkara çıxıb. Yenə də doxsanlarda Naxçıvanda şiə bayrağı altında planlaşdırdıqları “şəxsey- vəxsey” mərasimləri, bu kiçik torpağı əsl qardaşından, Türkiyədən soyutmaq üçün aparılan şiə-sünni təbliğatları hansı yaxşı məqsəddən xəbər verə bilərdi ki?
1995- ci il idi. Yüzlərlə zəncir gətirmişdilər, özümüzü döyək deyə. Kamaz maşınların üstündən ehsan aşı paylayır, aşa doğru uzanan əlləri bir neçə videokamera ilə çəkirdilər. Qara köynəkli, xətt saqqallı hizbullahçılar Xomeyninin böyük portretini götürüb bizim müqəddəs Şəhidlər Xiyabanına yürüş edir, sözdə bizim şəhidlərimizə hörmət edirdilər, di gəl xiyabana çatanda Xomeyninin portretinin nizamı pozulmasın deyə şəhid məzarlarını tapdalamaqdan belə çəkinmirdilər. ( Bu arada qeyd edim ki, sonrakı illər Naxçıvanın yerli rəhbərliyinin göstərişi və iradəsi ilə bu tamaşalara bir dəfəlik son qoyuldu.)
Əlqərəz ki, biz qardaşlarımızı əsarətdə saxlayan bu dövləti çox yaxşı tanıyırıq. Tanıyırıq deyə də, heç vaxt küçümsəmirik. Bilirik nə olduqlarını, nələr edə biləcəklərini. Yuxarıda qeyd etdiyim fəaliyyətləri nəticəsində bizlərdən də yüzlərlə adamı öz tərəflərinə çəkmişdilər. Adamlar bilərəkdən və ya bilməyərəkdən İran təbliğatçısına çevrilmişdi. Beləcə də, həmin o dediyim doxsanıncı illər bizim kiçik torpaq ən kiçik kəndlərinə kimi bu mənada iki hissəyə bölünmüşdü. Biz “o taya getmişdim” deyirdik, İransevərlər “İrandan gəlirəm” deyirdilər.
Biz Təbrizdən gələndən “Güneydə nə var, nə yox?” soruşurduq, İransevərlər “İranda vəziyyət necədir?” sual edirdilər. Qısacası, biz Bütöv Azərbaycançı idik, onlar İrançı idilər. Və bu iki tərəf arasında bəzən açıq, bəzən gizli amma ciddi mübarizə var idi. Biz bilirdik onlara həmin o “dövlətdən” zaman –zaman gələn “qonaq”ları necə təbliğat aparır. Nələr anladıb, nələr öyrədirlər. Amma ki, onlar da bilirdi bizdən kim və nə vaxt “o taya” nə üçün gedir, nə aparır. Onda Güneyin o vaxtları idi ki, bir kitab, bir bayraq və ya bir təqvim böyük bir təşviqat vasitəsi sayıla bilərdi. İnternetsiz, sosial şəbəkəsiz zamanlardan danışıram.
Bax beləcə, iki yerə bölünmüş kəndlərdə heç vaxt bitməyən mübarizə gedirdi. Vay o gündən ki, İrançılardan hansısa biri ordan gəlmiş “qonağını” götürüb kənd meydanına çıxa. Yox, bütün hallarda qonağa hörmət qaydaları pozulmazdı. Sadəcə bizimkilər qonağın nə qonaq olduğunu bildiyi halda özünü saflığa qoyub, sual-cavaba başlayar, Bütöv Azərbaycan toxumlarını səpməyə çalışardılar. Belə anlarda qonaq susar, amma ev sahibi öz irançı mövqeyindən cavab verərdi. Bu mübahisələrin ən məşhuru irançı Kərim kişi və qonağı ilə bizim Rahim bəy arasında olmuşdu.
Hadisə belə başlayır ki, Kərim kişi İrandan gələn qonağını götürüb kənd meydanına çıxır. Axşamçağı olduğundan kənd meydanı dolluq imiş. Rahim bəy “qonağı” görər- görməz yaxınlaşır ki:
– Güneydən gələn qardaş, xoş gəlib səfa gətirib!
Kərim kişi dərhal cavab verir ki, qonaq İrandan gəlib. Rahim bəy əvəzində həmişəki cavabı verir ki, “Ora bizim öz doğmaca torpağımızdı…”
Mübahisə beləcə hər zamankı söhbətlərlə başlayır, ətrafa yığılan adamların “azarkeşliyi” ilə davam edir. Arada Kərim kişinin “İran bizə pasport verib, qeydimizə qalır” cümləsini bitməyə qoymayan Rahim bəy deyir ki, “30 milyondan çox Azərbaycan Türkünə öz doğma dilində məktəb verməyən fars, xeyir ola bizə pasport verir?”
(Sərhədlər ilk açılanda biz güneydəki soydaşlarımızin sayını 23 milyon bilirdik, beləcə 7 milyon da bizdə olmaq şərti ilə cəmi 30 milyon edirdi. Şüarlarımız, çağırışlarımız da 30 milyon üzərindən idi. Sonra məlum oldu ki, Güney Azərbaycanda və İran adlanan dövlətin sərhədləri içində 30 milyondan çox Azərbaycan Türkü var. Bizim də bir xeyli artdığımızı nəzərə alaraq, güneyli qüzeyli birlikdə sayımız 40 milyon kimi tələffüz edilirdi.)
Bu yerdə Kərim kişi yenə “köhnə priyom”a əl atır:
– İran bizim şiə qardaşımızdır!
– Nə şiə qardaş, a kişi? Sən özün bu kəndin meydanında demirdin ki, Culfadan o yana erməni dığasının biri bir qəpikdi? Demirdinmi ermənilərlə bizdən daha yaxındılar? Demirdinmi onlara olunan hörmət heç bizə olunmur?
– Bəs sən də deyirsən axı qardaşıq
– Bəli, güney azərbaycanlılar bizim qardaşlarımızdı. Biz eyni xalqıq və gec-tez birləşəcəyik. Söhbət bizim qardaşlarımızı əsarətdə saxlayan dövlətdən və onu idarə edən farslardan gedir. Qardaşın nə günahı?
Bu yerdə Rahim bəy baxır ki, iş vaxtı bitdiyindən kəndin icra nümayəndəsi, müavini, məktəbdən çıxan müəllimlər hamısı meydandadır. Üstəgəl “uçastkovu” da bir tərəfdən dayanıb sakitcə mübahisəni izləyir. Tam yeridi deyib, hələ də xatırlanan o məşhur sualını verir
– Bura bax, ay Kərim. Sən mənə bir açıq cavab ver görüm, sən istəmirsən ki, Heydər Əliyev 40 milyon adamın prezidenti olsun?
Baho, qurbağa gölü nədir, daş nədir… Kənd meydanı hələ belə sükut görməmişdi. Çay içən stəkanı saxlayır, domino oynayanın daşı əlindəcə quruyur, nərd oynayan zəri ovcunda sıxır və bütün nəzərlər Kərim kişiyə yönəlir.
Kərim kişini bu çətin vəziyyətdən elə “qonağı” çıxarır.
– İstəyər babam, əlbəttə istəyər! Kim istəməz ki?
Meydanda ucalan qəhqəhə həm Kərim kişini, həm icra nümayəndəsini, həm də sahə müvəkkilini sakitləşdirir. Kərim kişi qonağını götürüb, yavaşca meydanı tərk edər…
Sonralar Rahim bəy öz aramızda olan söhbətlərdə deyirdi ki, “Əslində mən istəyərəm Bütöv Azərbaycanın ilk prezidenti Elçibəy olsun. Buna ən çox o kişinin haqqı var. Amma Kərimi susdurmalıydım axı. Bir də ki, təki Azərbaycan bütöv olsun, qoy elə Heydər Əliyev olsun prezident, lap yaxşı…”
İndi o hadisələrdən illər keçib. Elçibəy də, Heydər Əliyev də haqq dünyasındadır. Ama vəziyyət çox oxşardı. Hətta sual da həmin sualdı, soyad yerində qalıb, ad dəyişib sadəcə. Bir də sayımız dəyişib, maşallah 50 milyon olmuşuq. Və elə o zamankı kimi, indi də bizdən öncə güneydəki qardaşalarımız cavab verir o suala.…
www.yenicag.az