!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qondarma rejim MƏHV OLDU: "Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq hadisələrin..."

!Reklam – Yazi

“Azərbaycan önündə duran problemlərin həlli üçün çox ciddi fürsət əldə edib”.

Bu sözləri Qarabağdakı qondarma rejimin özünü buraxmasını dəyərləndirən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Nəsimi Məmmədli bildirib ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq hadisələrin şahidi oluruq:

“Son 35 ilin ən qanlı avanturasına demək olar ki, son qoyuldu. Soydaşlarımızı itirdik, 10 minlərlə insan qaçqın düşdü, böyük insan faciələri yaşandı. 35 il Azərbaycanın tarixində 100 illərlə unudulmayacaq səhifə yazdı.

Eyni zamanda Cənubi Qafqazın özündə də ziddiyyətlərin dərinləşməsində, mühitin antidemokratik olmasında məhz Qarabağ münaqişəsinin böyük rolu olub. Azərbaycana ermənilərin ərazi iddiası postsovet məkanının ilk qanlı münaqişəsi oldu. Bundan doğan münasibətlər sistemi Cənubi Qafqazda demokratik prosesləri önlədi.

Müstəqillikdən sonra, hətta həmin ərəfədə hakimiyyətlərin dəyişməsinin hamısı Qarabağ fonunda baş verdi. Bu gün Azərbaycanın siyasi təşkilatlarının və siyasətçilərin 90 faizi məhz Qarabağ məsələsi üzərindən siyasi prosesə gəlmiş insanlardır. Cəmiyyətin aktiv kəsimi Qarabağ probleminə görə ictimai proseslərə, sonra isə siyasi proseslərə qoşulmuş insanlardır. Ən yaxşı sonluqdur.

Bütün itkilərə, məhrumiyyətlərə baxmayaraq Azərbaycan öz gücü, yeni yaranmış regional, beynəlxalq geopolitik proseslərin təsiri ilə, eyni zamanda hərbi proseslərin normal idarə olunması ilə uğur əldə edildi. Bu, Azərbaycan tarixinin qızıl səhifəsidir.

Düşünürdüm ki, bundan sonra Qarabağ mövzusunda Azərbaycana təzyiqlərin olması minimuma enib. Bilirik ki, dünyada kifayət qədər güclü erməni lobbisi var. Lakin qondarma rejim özünü könüllü olaraq buraxıbsa, deməli, beynəlxalq qüvvələrin də Azərbaycan üzərinə məhz Qarabağ mövzusu ilə gəlməsi asan olmayacaq.

Azərbaycanın qarşısında ciddi problem dayanır: postmüharibə dönəmi üçün daha sağlam strategiyanın hazırlanması və sürətlə həyata keçirilməsi.

Bunun biri bu müharibədən, xüsusilə son 3 ildə zərər görmüş insanların ailələrinə və özlərinə olan münasibətdir. Şəhid ailələri ilə bağlı ayrıca qanun qəbul edilməli və bu, diqqət mərkəzində ən önəmli məsələ olmalıdır. Eyni zamanda müharibədə iştirak etmiş, sağlamlığını bu və ya digər şəkildə itirmiş insanlarla bağlı da kompleks tədbirlər həyata keçirilməldir.

Qarabağda erməni sakinlər qalıb yaşayacaqlarsa, sonradan danışıqlar prosesi ilə Azərbaycana dönmək istəyənlər olacaqsa, bununla bağlı müəyyən proqramlar hazırlanmalıdır. Elə düşünülməməlidir ki, Azərbaycan etnik təmizləmədə maraqlıdır. Azərbaycanda çoxsaylı etnik qruplar yaşayır. Burada hər kəsin hüququ bərabərdir. Azərbaycanda bu ənənə var. Biz fərqli millətlərə çox dözümlü yanaşan toplumuq. Azərbaycan cəmiyyətində digər etniklərə baxanda ermənilərə münasibət fərqlidir. Xeyli dərəcədə cəmiyyət bunda haqlıdır.

Artıq önə baxmağın zamanıdır. Yeni səhifə açılır. Qaranlıq səhifə qapadıldı. Yeni səhifə ölkənin demokratikləşməsi, ədalət sisteminin bərpa edilməsi, məhkəmələrdə, siyasi münasibətlərdə islahatlar baş verməlidir. Azərbaycanda böyük siyasi islahatların keçirilməsinə ehtiyac var. Azərbaycan önündə duran problemlərin həlli üçün çox ciddi fürsət əldə edib.

İlk dəfədir ki, sizin vasitənizlə ifadə edirəm. Azərbaycanda hər kəsdən – müxalifət təşkilatlarından, mediadan, vətəndaş cəmiyyətindən gözləntim olub. Açıq etiraf edim ki, Prezident İlham Əliyevdən xüsusilə Qarabağ mövzusunda gözləntim olmamışdı. Qarabağ məsələsini uğurla nəticələndirəcəyi ilə bağlı içimdə şübhələr var idi. Etiraf edirəm ki, yanılmışam. İndi Prezident İlham Əliyevdən çox ciddi gözləntim var. O, Ali Baş Komandan kimi üzərinə düşən işi necə uğurla yekunlaşdırıbsa, eyni zamanda ölkənin siyasi həyatı ilə bağlı da çox önəmli addımlar atmasını istəyirəm. Artıq gözləntim olan insanlar arasında o, ilk yerdə dayanır”.

Səxavət Məmməd

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv