Qroznı faciəsindən bir il keçdi: Rusiya niyə hələ də günahkarları gizlədir?
“Təyyarə qəzası ilə bağlı Rusiya tərəfi gözləntiləri doğrultmadı”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

Deputat AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü olmasına baxmayaraq, Rusiya tərəfinin hələ də üzərinə düşəni etmədiyini təəssüflə diqqətə çatdırıb:
“Təyyarə qəzasından bir ilin keçməsi, ilk növbədə, həlak olanların ailələri üçün bitməyən bir ağrının xatırladılmasıdır. Bu baxımdan zaman keçsə də, məsuliyyət və ədalət məsələsi aktuallığını itirmir. Bu bir il ərzində günahkar tərəfin davranışına nəzər salsaq, təəssüf ki, adekvatlıq baxımından ciddi suallar yaranır. Araşdırmaların gedişi, məsuliyyətin açıq şəkildə üzərinə götürülməsi və ictimaiyyətə dolğun məlumat verilməsi baxımından gözləntilər tam qarşılanmadı. Bəzi mərhələlərdə proseslərin ləngiməsi və qeyri-müəyyənlik cəmiyyətdə haqlı narahatlıq doğurdu. Belə faciələrdə şəffaflıq və məsuliyyət yalnız hüquqi deyil, həm də mənəvi borcdur”.
E. Akimova Rusiya tərəfini Azərbaycan dövləti və başçısı kimi qətiyyətli davranmağa və günahkarları cəzalandırmağa çağırıb:
“Bununla yanaşı, dövlətimizin mövqeyi birmənalı və prinsipial oldu. Cənab Prezidentin bu məsələdə nümayiş etdirdiyi qətiyyətli iradə onu göstərdi ki, Azərbaycan vətəndaşının həyatı və təhlükəsizliyi hər zaman dövlətin ali prioritetidir. Hadisəyə siyasi və ya formal yanaşma deyil, milli məsuliyyət prizmasından baxılması, müvafiq tapşırıqların verilməsi və məsələnin daim diqqətdə saxlanılması dövlət başçısının liderlik mövqeyinin bariz göstəricisidir. Ədalətin tam bərqərar olması, belə faciələrin bir daha təkrarlanmaması üçün həm beynəlxalq, həm də institusional səviyyədə nəticələrin çıxarılması vacibdir. Cəmiyyətin gözləntisi də məhz budur”.
Nurlan Cəfəri












