!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rahat" MTK-nın İNANILMAZ ÖZBAŞINALIĞI - Şirkət rəhbəri insanları ölümə sürükləyir

!Reklam – Yazi

“Vətəndaşların canını boğaza yığan “Rahat” MTK-nın vergidən yayınması ilə bağlı da çox sayda iddialar mövcuddur.

Bu barədə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1260-cı keçiddə inşa olunan 12 mərtəbəli binanın sakinləri tikinti işlərini həyata keçirən “Rahat” MTK-nın təsisçiləri, onların qanunsuz əməlləri ilə bağlı Yenicag.az-a məlumat veriblər.

Məlumatda qeyd edilir ki, “Rahat” MTK-da 28 faiz pay sahibi və hal-hazırda Bakı şəhəri, 28 May metrosunun yanında yerləşən rus kilsəsi ilə üzbə-üz yeni binanın inşası ilə məşğul olan Rasim Həsənov “Rahat” MTK-nın tikintisinə birbaşa rəhbərik edib.

Rasim Həsənov illərdir ki, bina sakinlərinin həyatının təhlükə qarşısında olduğuna biganəlik göstərir.

Məlumata görə, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1260-cı keçiddə 2007-ci ildən inşasına başlanan bir mərtəbəsi qeyri-yaşayış, 11 mərtəbəsi yaşayış sahəsi, bir mərtəbəsi isə zirzəmidən ibarət 12 mərtəbəli, 5 girişli, 1 korpuslu, 241 mənzilli yaşayış binasını inşa edən “Rahat” MTK 14 ildir ki, binanı hələ də tam təhvil vermir.

Binanın 5 girişinin heç birində yük liftləri quraşdırılmayıb. Amma buna baxmayaraq binanın inşası zamanı layihədən kifayət qədər kənara çıxılıb, özbaşınalıqlara yol verilib.

Binanın mənzil inşası üçün nəzərdə tutulmayan çardaq hissəsinin 92,4 kvadrat metr sahəsi Elnur adlı şəxsə satılıb.  Həmin hissədə qanunsuz tikilən mənzil isə hər an təhlükə mənbəyidir. Yanğın əleyhinə heç bir təhlükəsizlik tədbiri görülməyib. Hər hansı hadisə baş verərsə, bütün bina təhlükə qarşısındadır.

Dəfələrlə FHN qaynar xəttinə məlumat verilsə də, heç bir tədbir görülməyib. FHN əməkdaşları sadəcə gəlib binaya baxmaqla kifayətləniblər.

Bununla kifayətlənməyən tikinti şirkətinin rəhbərləri binanın zirzəmiyə pilləkən üçün nəzərdə tutulan hissəsinə də “əl gəzdiriblər”.

“Rahat” MTK-nın sədri Ələddin Məmmədhəsənov həmin hissəni Zamin adlı şəxsə 20 min manata satıb və həmin şəxslə qanunsuz olaraq müqavilə bağlanıb. Bu barədə FHN-nin də xəbəri var.

İllərdir ki, yaşadıqları mənzillərə çıxarış ala bilməyən sakinlər bunun ümumiyyətlə mümkün olmadığını bildirirlər. Binanın tikintisi zamanı yol verilən layihədən kənara çıxmalara, həmçinin binanın həyətində qanunsuz, heç bir sənədi olmayan hovuz, ofis, transformator ərazisinə görə binanın özəlləşdirməyə verilməsi mümkünsüzdür. Binanın inşa olunma məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin başçısının 02.02.2007-ci il tarixli 021 saylı sərəncamına əsasən, Abşeron rayon M.Ə.Rəsulzadə (əvvəlki adı Həzi Aslanov) küç, 1260-cı keçid ünvanın 4000 kv.m torpaq sahəsində binanın tikintisinə icazə verilmişdir. Bu ayrılan torpaq sahəsi ancaq binanın özünün inşası üçün kifayət edirdi, köməkçi sahələr üçün əlavə torpaq sahəsi üçün icazə alınmayıb.

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunun 9.3 maddəsində göstərilir ki, Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilməsi torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmalmaqla aşkarlıq şəraitində bağlanılır.

“Rahat” MTK-nın təsisçiləri 342 kv.m torpaq sahəsinin özbaşına zəbt edərək, orada tikinti işləri aparıblar. Bu da Azərbaycan Respublikasının CM-nin 188.2 və MM-nin 180.1 maddəsinin tələblərinin ciddi surətdə pozulması deməkdir.

342 kv.m torpaq sahəsinin özbaşına zəbt edilməsi və həmin sahədə su hovuzu, ofis, tranformator üçün binanın tikintisi zamanı yol verilən qanunsuzluqlara hal hazırda rüşvət və korrupsiya ittihamı ilə həbsdə yatan Abşeron rayon İH-nin sabiq memarı Akif Əliyevin “xeyir-dua” verdiyini bildirən şikayətçilər, bunun əvəzində ona binanın qeyri-yaşayış hissəsindən 58 kvadrat metr hissənin peşkəş edildiyini söyləyirlər. Həmin sahənin hazırkı bazar qiyməti 110 min manat təşkil edir. Həmin sahə hal-hazırda kirayə verilib.

“Rahat” MTK-nın təsisçilərinin tikintidə yol verdikləri qanunsuzluqlar bununla bitmir.

Həmin şəxslər vergi xidməti işçilərinə yoxlama zamanı ümumi satışa yararlı sahəni bilərəkdən az göstəriblər.

Satışa yararlı ümumi sahə 24414 kv.m. olmasına baxmayaraq, həmin şəxslər bu rəqəmi cəmi 19418 kv.m kimi göstəriblər.

Deməli, 4996 kv.m vergini qəsdən azaldılması baş verib. Bu haqda Sumqayıt şəhər 2 saylı ərazi vergilər idarəsinə dəfələrlə müraciət olunub. Ancaq cavabları bu olub ki, həmin MTK-nın növbəti yoxlanması zamanı araşdırma aparılacaq və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat veriləcək.

Bu 14 ildə bu yoxlamalar və nəzarətlər başa çatmadımı?

Halbuki, binada olan 241 mənzil və qeyri-yaşayış obyektləri tam olaraq satılıb. Belə olan halda yoxlama haqqında göstərdikləri satışa yararlı sahə və vergilərdən gizlətdikləri 4996kv.m sahəyə olan borclar çoxdan tam ödənilməli idi.

Nəyə görə və hansı səbəbdən bu ödəmələr yubadılır?

Sumqayıt səhəri, 2 saylı Vergi İdarəsinə Vergi Məcəlləsinin təkcə 24.0.5-ci maddəsini əldə əsas tutmayaraq, 78.1 və 65.1 maddələrini xatırlatmaq istəyirik. 2 saylı vergi idarəsinə tövsiyyəmiz budur ki, payçılara satılan 241 mənzilin ümumi ölçülərini hesablasalar görərlər ki, təkcə satışa yararlı mənzillərdən 3410 kvadrat metr sahə vergidən gizlədilib.

Həmçinin qeyri yaşayış sahəsindən və zirzəmisindən 1586 kvadrat ərazi vergidən gizlədilib. Ümumilikdə, 5 min kvadratmetrlik ərazinin vergi işçilərinindən necə gizlədilməsi çox maraqlıdır.

Məlumatda tikinti şirkəti təsisçilərinin daha bir dövləti cinayəti qeyd edilir.

“Binanın ümumi satışa yararlı hissəsi vergi idarəsinin mütəxəsislərini aldadaraq, bilərəkdən az göstəriblər. Bu isə 100 min manatlarla vəsaitin dövlətdən gizlədilməsi deməkdir. Bunlar vergidən yayınmaqla dövlətə xəyanət ediblər və mütəşəkkil dəstə halında dövlətə külli miqdarda ziyan vurublar. Bütün bunlar isə Cinayət Məcəlləsinin 213, 213.2.1, 213.2.2 maddələrinin kobud surətdə pozulmasıdır.”

“Rahat” MTK-nın rahatlığını əlindən aldığı sakinlər illərdir ki, bu təhlükələrlə üz-üzə qalıblar.

Şirkətin təsisçiləri olan Rasim Həsənov 28 faiz, Ramiz Hümbətov 24 faiz, İlham Hümbətov 24 faiz, Rumiyyə Mustafayeva 24 faiz sahib və MTK-nın sədri Ələddin Məmmədhəsənov yüzlərlə sakinin həyatını təhlükə qarşısında qoymaqdan sanki zövq alırmış kimi əməllərini davam etdirirlər.

Tikinti şirkətlərinin özbaşınalıqlarının nəticəsində yaşanan faciələrlə bağlı onlarla misal çəkmək olar.

Görəsən, “Rahat” MTK-nı bu qədər rahatlıqla qanunsuzluqlara sövq edən səbəblər nədir? “Rahat” MTK insanların həyatını heçə sayır. Sabah baş verə biləcək faciələrə görə kim məsuliyyət daşıyacaq?

Qeyd edək ki, “Rahat” MTK-nın təsisçisi R.Həsənov tək bu binada yox, başqa binalarda da bu kimi qanunsuz işləri görüb. Həmin MTK-larla bağlı araşdırmalarımız davam edir.

www.yenicag.az

1717
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv