Vaxtilə işi jurnalistlərlə əlaqə qurmaq olan polis polkovniki Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) rəis müavini və Qeydiyyat-İmtahan İdarəsinin rəisi təyin olunandan sonra ictimaiyyət arasında az görünsə də, sürücülər tərəfindən daha yaxşı tanınmağa başladı.
Ona görə yox ki, Kamran Əliyev əlaqə yaratmaq qabiliyyətini BDYPİ-nin işini daha yaxşı qurmağa, sürücülərimizin işini asanlaşdırmağa yönəldib, əksinə, bu qabiliyyətini pul qazanmaq üçün “səmərəli” şəkildə istifadə edir.
Redaksiyamıza daxil olan çoxsaylı şikayətlər də onu göstərir ki, Kamran Əliyev nömrələrin satışından tutmuş, sürücülük vəsiqələrinin verilməsinə qədər bir çox məsələdə sürücülərin soyub soğana döndərib və ən əsası bununla bağlı qanunu ümumiyyətlə kənara tullayıb.
Dövlət nömrə nişanları necə verilməlidir?
Qanuna görə, nömrələr “dyp.gov.az” saytında və Qeydiyyat İmtahan İdarəsinin internet resursunda yerləşdirilməli, qiymətləri göstərilməlidir. O cümlədən, 500-2500 AZN qiymətində olan nömrələr hərrac yolu ilə satılmalıdır. Bu nömrələr və qiymətləri də DYP-nin internet resurslarında yerləşdirilməlidir.
Bəs Kamran Əliyev nə edir?
DYP-nin saytına baxsanız orada yeləşdirilən heç bir nömrəni tapa bilməzsiniz, o cümlədən, hərrac yolu ilə satılmalı olan nömrələrə də rast gəlmək mümkün deyil. Halbuki, bu qanunla tənzimlənir və qanunda satışın necə yerinə yetirilməsi göstərilir.
Kamran Əliyev dövlət nömrə nişanlarını özünün qoyduğu məbləğə istədiyi şəkildə satışını həyata keçirir. Hərrac yolu ilə satılmalı olan nömrələr isə “kimin pulu var, ala bilər” prinsipi ilə satılır. Misal üçün, 500-2500 manat dəyərindəki nömrələri fərdi qaydada 200 min manata satılması kimi hallar var.
Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsi də Kamran Əliyevin yeni “biznes”idir və məqsəd daha çox və baha qiymətə nömrə satmaqla, daha çox qazanmaqdır.
Qanunsuz yolla əldə edilən pullar isə dövlət büdcəsinə yox, birbaşa şəxsi ciblərə axır.
Eyni qanunsuzluq sürücülük vəsiqələrinin verilməsində də yaşanır. Kamran Əliyevin rəis təyin olunmasından sonra sürücülük vəsiqələrinin qiymətinin artdığı, artıq 1000 AZN-dən baha olduğu məlumatları var. Bununla da sürücülük qabiliyyəti zəif olanlar da vəsiqə əldə edə və avtomobil idarə etmək hüququnu ala bilirlər. Nəticədə qəzaların artmasını görürük.
Göründüyü kimi, nə qanunlar, nə dövlət rüsumu, nə yol-nəqliyyat qaydaları, nə də insan həyatı Kamran Əliyev üçün önəmli deyil. Önəmli olan nə qədər pul qazanacağıdır.
Avtomobillərin texniki baxışdan keçirilməsi prosesində isə əsl bazar açılıb. Məlumatlara görə, avtomobilini texniki baxışdan keçirmək istəyən şəxs mütləq 80-90 manat “tas” ödəməlidir. Halbuki, rüsum 30 manat civarındadır. Hətta “tas”ın bir qədər aşağı endirilməsin istəsəniz verilən cavab belə olur: “Rəhbərliyə müraciət edin, onlardan icazə alın”.
Bütün bunlar onu göstərir ki, Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun adından istifadə edir, yaxud da bütün bu qanunsuzluqları Ramiz Zeynalovun tapşırığı ilə həyata keçirir. Təbii ki, buna aydınlıq gətirəcək şəxs Ramiz Zeynalovun özüdür.
Hazırda mövcud olan mənzərə BDYPİ-də qanunsuzluqların baş alıb getdiyi, dövlət rüsumlarından qat-qat artıq pulun alınması, belə demək mümkünsə, “biznes yuvasına” çevrilməsidir./Demokrat.az/
www.yenicag.az