“Rayon icra hakimiyyətlərinin ləğvi ilə bağlı referendum keçiriləcək, icra hakimiyyətləri yararsızdır, arxivə göndərilsin” və s. ifadələr artıq hər kəsi yorub. Hər kəs düşünür ki, icra hakimiyyətləri ləğv olunsa, bundan sonra insanların hamısı daha xoşbəxt olacaqlar, rahat yaşayacaqlar, milyon sahibi olacaqlar”.
Bu sözləri Yenicag.az-ın suallarını cavablayarkən Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib.
Deputat rayon icra hakimiyyətlərinin parlament seçkilərindən sonra ləğv ediləcəyi ilə bağlı yerli mediada ortaya atılan iddialara münasibət bildirib.
MCP lideri düşünür ki, rayon icra hakimiyyətlərinin ləğv olunması cəmiyyətə heç nə verəsi deyil:
“Ümumiyyətlə, rayon icra hakimiyyətlərinin ləğv olunması söhbəti yoxdur və buna lüzum da görmürəm. Mən bunu məntiqli saymıram. Əvvəllər düşünürdüm ki, bu, idarəçilikdə nəyisə dəyişə və həll edə bilər, amma indi görürəm ki, belə deyil. Tutaq ki, icra hakimiyyətləri ləğv olundu, nə dəyişəcək? Onun yerinə gələn nə edəcək? Sadəcə, adı dəyişəcək. Əgər belədirsə, rayon icra hakimiyyəti olmasın, rayon-şəhər sovetləri, şəhər şuraları və s. Sabah bu qurumlar yaradılsa, icra hakimiyyətlərinin başçıları həmin vəzifələrə təyin olunacaq”.
Onun sözlərinə görə, bunlar Azərbaycan Prezidentinin səlahiyyətində olan məsələdir, lakin həmin adamların yenidən təyinatı mümkündür:
“Ona görə də icra hakimiyyətlərinin ləğv olunması məsələsini gündəmdə görmürəm. Bəlkə də bu, kimlərinsə arzu-istəkləridir ki, onlar cəmiyyəti belə görmək istəyirlər və bu məsələni ortaya atırlar ki, müzakirəyə çevrilsin. Amma mən həm rayon icra hakimiyyətlərinin ləğvinin, həm də referendumun keçirilməsi üçün ciddi bir əsas görmürəm. Bunun üçün ortada çox ciddi konstitusion islahatlar lazımdır. Lakin hələlik belə bir ciddi məsələ yoxdur”.
R. Nurullayevin fikrincə, nə vaxtsa referendum ola bilər:
“Amma, heç olmazsa, bununla bağlı cəmiyyət hər hansı bir məlumata malik olmalıdır. Yoxsa ki, icra hakimiyyətləri ləğv olunsun deyə referendumun keçirilməsi təklifləri yanlışdır. Ümumiyyətlə, icra hakimiyyətlərinin ləğv olunmasına isti yanaşmıram. Çünki məsələ kökündən həll olunmalıdır ki, hər bir kəs bərabər şəkildə fəaliyyət göstərsin, hər kəsə bərabər münasibət olsun, cəmiyyətdə sosial ədalətsizlik və bərabərsizlik aradan qaldırılsın. Əslində, bunların hamısının həyata keçirilməsi üçün qanunvericilik yerindədirsə, belə olan təqdirdə, İcra hakimiyyətləri niyə ləğv olunmalıdır ki? Ləğv olunsa, nə baş verəcək?”.
“İcra hakimiyyətləri ilə bələdiyyələr arasında sərhədlərin müəyyənləşməsini istəyərdim. Əslində, qanunvericilik səviyyəsində bu müəyyənləşib, lakin digər tərəfdən də bunun müəyyənləşməsini istəyərdim ki, bələdiyyələr də böyüsün, onların da pulu olsun və fəaliyyət göstərdikləri ərazilərdə insanlara xidmət göstərə bilsinlər, məktəb, uşaq bağçası tiksinlər, digər pullu və pulsuz xidmət yaratsınlar, yeni parklar və yollar salsınlar, kanalizasiya xətləri çəksinlər və s. Qısası, bələdiyyələr özlərinə aid olan işləri yerinə yetirsinlər. Hesab edirəm ki, bu baxımdan, sözügedən məsələyə münasibəti dəyişmək lazımdır, nəinki icra hakimiyyətlərini ləğv etmək”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.
Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa isə düşünür ki, icra hakimiyyətləri xeyli səlahiyyətsiz vəziyyətdədir və onların ləğvi ilə bağlı fikirlər, yəqin ki, buradan yaranır:
“Amma belə məsələlər bu şəkildə həll olunmur, əksinə, ciddi müzakirə olunmalıdır. Biz yerli idarəetmə ilə bağlı bələdiyyələrin rolunun daha çox qaldırılmasını təklif edirdik ki, burada rayon icra hakimiyyətləri daha çox koordinasiya rolunu oynasın. Lakin bütövlükdə belə bir təşəbbüslər neçə müddətdir var və hələ bir irəliləyiş yoxdur.
Ola bilsin ki, yaxın gələcəkdə buna baxıla bilər, amma bütövlükdə bu məsələ həm də Konstitusiyada müəyyən dəyişiklikərin edilməsi ilə müşayiət olunmalıdır ki, qəti və dəqiq bir idarəetmə modelinə keçək”.
Rafi Müslümov
www.yenicag.az