“Rusiya çox şey istəyir” – Zelenski
Çoxsaylı məsələlərdə həqiqətən irəliləyiş əldə olundu, lakin əldə etdiyimiz nəticələri qarşı tərəfin necə qəbul edəcəyini bilmirəm. Amma vacib olan odur ki, biz eşidildik.
Yenicag.az xəbər verir ki, bunu sülh danışıqları ilə əlaqədar Berlində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında deyib.
Müzakirələrdə yer alan bəzi məsələlərin Ukraynanın mövqeyinə zidd olduğunu vurğulayan V.Zelenski onları sənədlərin yeni versiyalarında görmək istəmədiyini bildirib: “Mənim üçün Ukraynanın ləyaqəti və ərazi məsələləri çox əhəmiyyətlidir. Bu, əlbəttə ki, çox ağrılı məsələdir. Rusiya çox şey istəyir. Bu, çox uzun bir dialoqdur. Biz onların nə istədiyini çox yaxşı anlayırıq. İnsanlar buna inana bilir, ya da inanmaya bilir. Amma biz tam dəqiq bilirik ki, onlar nə istəyirlər”.
Görüşdə Ukraynanın mövqeyinin ABŞ tərəfinə aydın şəkildə çatdırıldığını deyən V.Zelenski bildirib: “Çox şadam ki, biz bir-birimizi eşitdik. Məncə, amerika tərəf vasitəçi kimi müxtəlif addımlar təklif edəcək ki, müəyyən konsensus əldə olunsun. Ümid edirəm ki, bu məsələlərdə ABŞ öz vasitəçilik rolunu davam etdirəcək. Bu, bizim üçün perspektivli olar”.
Ukraynanın bərpası məsələsinə də toxunan V.Zelenski deyib: “Biz burada dialoq aparmalıyıq. Biz hər şeyi edəcəyik ki, təhlükəsizlik zəmanətləri, maliyyə məsələsinin kimlərin ödəyəcəyinə dair çox aydın cavablar tapa bilək. Bilməliyik ki, maliyyələşmə mənbələri haradan gələcək və necə təmin olunmalıdır”.
O, Rusiyanın dondurulmuş aktivlərinin də mümkün maliyyə mənbəyi ola biləcəyini qeyd edərək təhlükəsizlik zəmanətləri üçün çərçivə müqavilələrinin olacağını diqqətə çatdırıb və bu çox sahədə irəliləyişlərin əldə edildiyini bildirib.












