“Hətta yeni nazirlərin bir qismi buna qədər indi rəhbəri olduqları qurumlarda çalışıblar”.
Bu fikirləri Türkiyədə yeni hökumətin fəaliyyətə başlamasının ilk ayında görülən işləri və kabinənin qarşısındakı vəzifələri ümumi şəkildə dəyərləndirən “Takvim” qəzetinin siyasi şərhçisi Əkrəm Kızıltaş Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hökumət millətdən aldığı beş illik mandat əsasında uğurla fəaliyyət göstərmək üçün gərgin rejimdə işə başlayıb:
“Türkiyənin parlamentar sistemdən prezident üsul-idarəsinə keçidindən sonra baş tutan ikinci seçkilərin yekunlaşması ilə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən formalaşdırılan yeni hökumət kabinəsinin fəaliyyətə başlamasından artıq bir ay ötdü.
Səhiyyə və turizm nazirlərindən başqa tərkibi tamimlə dəyişdirilən Nazirlər Kabineti ilə bağlı diqqəti cəlb edən ən mühüm məqam hökumətin yeni üzvlərinin öz sahələrini çox yaxşı bilən kadrlardan formalaşdırılmasıdır. Hətta yeni nazirlərin bir qismi buna qədər indi rəhbəri olduqları qurumlarda çalışıblar. Eyni zamanda, hazırda millət vəkili kimi fəaliyyət göstərən sabiq nazirlərin parlamentdə öz sahələrinə uyğun komitələrə sədr seçilmələri onların konkret sferalar üzrə zəruri qərarların qəbulunda çox səmərəli tol oynayacaqları söyləməyə əsas verir.
Siyasi balans detallarına qətiyyən yer verilmədən ləyaqət əsasında yüksək dövlət postuna təyin olunan yeni nazirlərin öz vəzifələrini yerinə yetirmələri ilə yanaşı, qanunların hazırlanmasında, eyni zamanda, idarəetmədə effektivliyin artırılması kimi məsələlərdə də faydalı olacaqları prezident üsul-idarəsinin ciddi üstünlüklərindən biridir.
Yeni nazirlərin işə başlar-başlamaz yaxşı bildikləri sferalar üzrə həmən hərəkətə keçmələri onların növbəti dönəm, xüsusilə də yeni Türkiyə Yüzili üçün faydalı fəaliyyət göstərmək niyyətində olduqlarını təsdiqləyir. Əlbəttə, bu il fevralın 6-da Türkiyənin on bir vilayətində baş verən, yüzlərlə yaşayış məntəqəsində əlli mindən çox insannın həlak olması, səkkiz yüz əlli min ev və iş yerinin dağılması ilə nəticələnən dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması da yeni hökumətin əsas fəaliyyət istiqamətlərindən biridir.
Bununla bərabər, yeni hökumətin həll etməli olduğu məsələlər sırasında bahalaşmaya qarşı mübarizə də mühüm yer tutur. Hər halda, hökumət millətdən aldığı beş illik mandat əsasında uğurla fəaliyyət göstərmək üçün gərgin rejimdə işləməkdədir”.
A.Zeynalov
www.yenicag.az