Türkiyəli polkovnikdən SƏRT XƏBƏRDARLIQ: “Milçəyi belə görürük”
“Bəlkə də həmin obyekt sonradan götürülərək araşdırılıb və oradan kəşfiyyat nəticələri əldə edilib”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Güçlüer deyib.
O, Türkiyənin hava sahəsini pozan kamikadze dronun məhv edilməsi ilə bağlı atıla biləcək addımlardan danışıb.
Hərbi ekspert bildirib ki, gizli şəkildə, altdan-alta təbliğat aparılmağa çalışılır, lakin bunun heç bir faydası yoxdur:
“Türkiyə Cümhuriyyəti, onun qəhrəman ordusu, donanması və hava qüvvələri hətta milçəyi belə görür. Lazım gəldikdə vurur, lazım gəldikdə isə obyekt götürülərək zərərsizləşdirilir və aparılır. Dövlətin və Müdafiə Nazirliyinin hansı üsullardan istifadə etdiyini dəqiq bilmərik, bunu onlar daha yaxşı bilirlər”.
Onun sözlərinə görə, böyük ehtimalla obyekt əvvəlcədən müəyyən edilib, aşkarlanıb və zərərsizləşdirilib:
“Bəlkə də həmin obyekt sonradan götürülərək araşdırılıb və kəşfiyyat məqsədilə istifadə edilib. Burada ən vacib məqam odur ki, öz vətəndaşımıza heç bir zərər vermədən qabaqlayıcı tədbir görmək qabiliyyətinin mövcudluğu son dərəcə aydın şəkildə ortaya qoyulur”, – deyə o qeyd edib.
Nəsimi Ələsgərli












