Türkofobiyanın arxasında Vatikan dayanır

Son günlər Danimarka, Almaniya, Niderlandda Türkiyəyə münasibətdə sərgilədiyi diplomatiyadan uzaq mövqelər Avropada islamofobiya ilə yanaşı, türkofobiya meyllərinin də baş qaldırdığını göstərir. Belə məlum olur ki, özlərini demokratiyanın beşiyi kimi təqdim edən Qərb dünyası indi də türkə qarşı düşmənçilik toxumu səpməyə çalışır.

Avropada baş alıb gedən bu hal görəsən nədən qaynaqlanır? Nədən Avropada Türkiyəyə, türk dünyasına belə qərəzli mövqe sərgilənir?

Politoloq Cümşüd Nuriyev Yenicag.az-a açıqlamasında bildirdi ki, Qərbdə baş qaldıran türkofobiya birbaşa Vatikandan, onun Türkiyə dövlətinə düşmən mövqe sərgiləməsindən qaynaqlanır:

“Tarix boyu Avropa türkləri sevməyib. Çünki 600 il ərzində onlar Osmanlı İmperiyasının nəzarətində olub. Avropada bir məsələni başa düşmək istəmirlər ki, onlarda intibah dövrü məhz Osmanlı İmperiyasının təsiri altına düşəndən sonra başlayıb. Məhz türklərin təsiri altında Avropa XV əsrdən başlayaraq inkişaf etməyə başlayıb. Ona görə də Avropa tarixən türklərə minnətdar olmalıdır. Amma görürük ki, onlarda proses əksinə gedir. Digər tərəfdən Avropada türkofobiya meyllərinin yaranmasının arxasında Vatikan kimi dini təşkilat durur. Çünki onlar İslam dünyasının aparıcı dövləti kimi Türkiyənin inkişaf etməsi və nüfuzunun artmasına qısqanclıqla yanaşırlar. Bu səbəbdən də Vatikan türkofobiyanın yayılmasında maraqlıdır. İkinci bir tərəfdən, Türkiyəyə qarşı olan bu işlərin arxasında Merkel Almaniyası durur”.

ELÇİN

Yeniçağ.az