Ukrayna bu şəhərdən geri çəkildi
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində yerləşən Seversk şəhərindən geri çəkilib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rəsmi açıqlamada bildirilir ki, Seversk istiqamətində ağır döyüşlər davam edir. Rusiya qüvvələri canlı qüvvə və hərbi texnika baxımından nəzərəçarpacaq üstünlüyə malikdir və ciddi itkilər vermələrinə baxmayaraq, hücum əməliyyatlarını davam etdirirlər. Ukrayna tərəfi hərbçilərin həyatını qorumaq və bölmələrin döyüş qabiliyyətini saxlamaq məqsədilə müdafiəçilərin yaşayış məntəqəsindən geri çəkildiyini açıqlayıb.
Baş Qərargahın məlumatına görə, şəhər hazırda Ukrayna qüvvələrinin atəş nəzarəti altında qalır. Açıqlamada vurğulanır ki, Rusiya bölmələri mürəkkəb hava şəraitində kiçik hücum qrupları ilə davamlı təzyiq göstərərək və say üstünlüyündən istifadə edərək irəliləyə biliblər.
Seversk təxminən 30 kilometr məsafədə yerləşən Slavyansk şəhərinə yaxın ərazidə yerləşir. Rusiya hərbçiləri şəhərin 11 dekabr tarixində ələ keçirildiyini elan etsələr də, Ukrayna tərəfi həmin vaxt döyüşlərin davam etdiyini bildirirdi.












