İdmançılarımızı ölkədən “qaçmağ”a vadar edən səbəblər: birinə dəli damğası vurdular, o birinə “…” dedilər… – Araşdırma

İdmançılarımızı ölkədən “qaçmağ”a vadar edən səbəblər: birinə dəli damğası vurdular, o birinə “…” dedilər… – Araşdırma

Müəllif: Redaktor

Baş Redaktor

Bir çox idmançılarımız xarici ölkələrdə çıxış edir, yad bayrağı altında yarışlara qatılır, qələbələr qazanırlar. Biz isə “milliləşmə” işiylə məşğuluq.

Maraqlıdır, görəsən milli idmançılarımızı Azərbaycandan kənarda çıxış etməyə nə vadar edib?

Yeniçağ.Az bu və digər suallarla bağlı kiçik bir araşdırmanı təqdim edir.

İlk olaraq Rio Olimpiya Oyunlarında Qazaxıstanı təmsil edərək, qızıl medal qazanıb, dünya rekorduna imza atan ağır atlet Nicat Rəhimovdan başlayaq. Deyilənə görə, Azərbaycanda ona qiymət verilmədiyi, diqqət göstərilmədiyi üçün Qazaxıstandan gələn təklifi dəyərləndirməli olub. Hətta müsahibələrinin birində Azərbaycan Ağır Atletika üzrə milli komandanın baş məşqçisinin təkidi ilə dopinq qəbul etdiyini də demişdi. Hazırda Nicat Qazaxıstanda Daxili İşlər Nazirliyinin əməkdaşıdır və bir qəhrəman kimi sevilir.
Atası Əli Rəhimovun sözlərinə görə o, hələ uzun müddət də qayıtmayacaq, karyerasını da məhz orada davam etdirəcək. Həmçinin çempionun atası müsahibələrinin birində Federasiya rəhbərliyinin oğluna gah “vəhhabi”, gah “alkaş”, gah da “müxalifətçi” adlandırdığını bildirmişdi.

“K-1” ustası Zabit Səmədov da uzun illər ölkə xaricində yaşayıb. Ukrayna və Türkiyə kimi ölkələrin idmançısı kimi çıxdığı döyüşləri qələbə ilə başa vurub. Hazırda Dağıstanda Ramzan Kadırovun sahib olduğu idman klubunun üzvüdür. Bildirək ki, Azərbaycanda ulduzu yeni parlamağa başladığı illərdə (2011-2012-ci ilərdə) başqa ölkə adından çıxış etməsini belə açıqlayıb:

“Mən kikboksinqdə tək azərbaycanlıyam ki, bu dərəcələrə gəlmişəm. Azərbaycanda kikboks yoxdur. Bilənlər də “K-1”in zəif versiyasında çıxış edirlər. Çox istərdim ki, Azərbaycanı bu idman növündə dünya səviyyəsinə qaldırım. Mənim kimi çox azərbaycanlı idmançılar var ki, vətəndən uzaqda yaşayırlar. Onları bir yerə yığıb, dəstək olmaq lazımdır. Biri də mən özüm… Lakin təəssüf edirəm ki, Azərbaycanda bu fikrə soyuq yanaşırlar. Buna baxmayaraq, azərbaycanlı olduğumu hər yerdə sübut etmişəm”.

Peşəkar boks üzrə dördqat dünya çempionu, peşəkar döyüşlərin qalibi Azad Əzizov da başqa ölkədə çıxış etmək məcburiyyətində qalan idmançılarımızdandır. Peşəkar rinqdə 36 döyüş keçirən həmyerlimizin aktivində 17-si nokautla bitmiş 30 qələbəsi var. A.Əzizov 9 ildir ki, Almaniyada yaşayır. Buna baxmayaraq o, hər zaman çıxdığı döyüşlərdə Azərbaycan bayrağını yanında daşıyır. Beləcə, başqa ölkə adına da “vuruşsa” azərbaycanlı olduğunu nümayiş etdirməyə çalışır.

O, müsahibələrinin birində ” alman sponsorların icazəsi ilə döyüş paltarımda həm Azərbaycan, həm də Almaniya bayrağı olur. Buraya yeni gələndə çox istədilər ki, adımı dəyişsinlər. Ancaq mən razı olmadım”-deyib.

Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağəli Alışov da xaricdə çıxış etmək məcburiyyətində qalan idmançılardandır. Belə ki, o, ölkədən sözün əsl mənasında didərgin salınıb. Gənclər və İdman nazirliyinə dəfələrlə müraciət etsə də onu bir idmançı kimi ölkəsində tanımaq istəməyiblər. Hətta ona “dəli” damğası belə vurublar. Bu barədə Ağəli Alışov müsahibələrinin birində ürəkağrısı ilə danışıb:

“Ukraynanın Donetsk şəhərində yaşayırdım. Orada həm Donetsk Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təsil alır, həm də karyerama davam edirdim. Şəxsi biznesim də vardı. Dostlarımın dəstəyi və biznesimdən əldə etdiyim gəlirlə döyüşlərimi maliyyələşdirirdim. Amma Donetsk vilayətində başlayan döyüşlərdən sonra – 2014-cü ildə ölkəmə qayıtdım. Azərbaycanda karyeramı davam etdirmək üçün Gənclər və İdman Nazirliyinə, Azərbaycan Boks Federasiyasına dəfələrlə həm şifahi, həm də yazılı müraciət etdim. Xahiş edirdim ki, karyeramın davamı ücün mənə dəstək olsunlar. Lakin hər dəfə də mənfi cavablarla qarşılaşdım. Mənə “haradan gəlmisən, get, orda da döyüş” deyirdilər. Hətta mənə “başın bədəninə ağırlıq etməsin. Tutub atarlar səni icəriyə, bədbəxt olarsan” deyirdilər. Qərara gəldim ki, Gənclər və idman Nazirliyinin qarşısında aclıq aksiyasına başlayım və jurnalistləri ora dəvət edim. Onda da məni tutub, Nərmanov rayon Polis İdarəsinə apardılar. Bir az saxladıqdan sonra “get, sakit otur yerində”, deyib buraxdılar. Hətta sonuncu dəfə polisə aparılanda mənə “dəli” diaqnozu da qoymuşdular”.

Yüngül atlet Ramil Quliyev də eyni taleyi yaşayıb. Belə ki, R. Quliyev 2008-ci ildə Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil edib. O, təsnifat mərhələsində 5-ci olub və mübarizəni dayandırıb. Bu Olimpiya Oyunlarından sonra onun karyerasında qəribə hadisələr baş verib. 2011-ci ildə Ramil Quliyev Azərbaycan vətəndaşlığından imtina edərək, qardaş Türkiyəyə üz tutub. Bu hadisə Azərbaycan Atletika Federasiyası tərəfindən birmənalı qarşılanmayıb.
Türkiyə vətəndaşlığını qəbul edən Ramil Quliyevin növbəti hədəfi 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında iştirak olub. Bu yarışlara qatılmaq üçün də Azərbaycan Atletika Federasiyası tərəfindən xüsusi qərar verilməli idi. Amma gözlənilən qərar gəlməyincə, Ramil Quliyev 2012-ci ilin Yay Olimpiya Oyunlarını əldən buraxmalı olub.
2013-cü ildə Ramil Quliyev təmsil etdiyi ölkədə təşkil olunan Aralıq dənizi Oyunlarında 100 və 200 m. məsafəyə qaçışda gümüş medal qazanıb. Bundan sonra onun qardaş ölkə adına qələbələri və uğurları ard-arda düzülüb.

PS: Düşünürük ki, transferləri üçün milyonlar xərclənən lazımsız əcnəbiləri milli yığmaya doldurmaqdansa, bacarıqlı idmançılarımızı qoruyub, onlara lazımi şərait yaratmaq daha məqsədəuyğun olardı. Qazanılan medallar da, didərgin oğullar da Vətəndə qalardı.

Aygün İlqarqızı

Yenicag.az

Xəbərlər, Manşet, Araşdırma, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti