“Mənim Bakıda adamlarım yoxdur” – Lotu Quli Bakıdakı atışmadan danışdı

Müəllif: Redaktor

Editor

“Sputnik Azərbaycan” informasiya saytı anonim mənbələrə istinadən yanvarın 9-na keçən gecə Bakının Nərimanov rayonunda baş vermiş atışmanın yeni təfərrüatlarını yayımlayıb. Agentliyin anonim mənbələrə istinad edərək bildirdiyinə görə, atışmada iştirak edənlər kriminal avtoritetlər Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları olub.

Nadir Səlifovun (Lotu Quli) vəkili Təranə Əliyeva virtualaz.org-a “Sputnik Azərbaycan” agentliyinin xəbərini şərh edib. “Bu məlumatı oxuyandan dərhal sonra müvəkkilimlə əlaqə saxladım. N.Səlifov qəti şəkildə bu məlumatı təkzib etdi. Son günlərdə bu, “Sputnik Azərbaycan” agentliyinin N.Səlifovla bağlı yaydığı ikinci təxribatçı yalan məlumatdır”, – T.Əliyeva virtualaz.org-a bildirib.

Lotu Quli öz adamlarının Bakıdakı atışmada iştirakını qəti şəkildə təkzib edir. “Ümumiyyətlə, mənim Bakıda adamlarım yoxdur. Bütün yaxınlarım Azərbaycanın hüdudlarından kənardadır. Bu yalan məlumatların haradan qaynaqlandığını bilirəm və jurnalistlərə məsləhət görürəm ki, bəzi dairələrin mənə qarşı təxribatlarına aldanmasınlar”, – müvəkkilinin adından çıxış edən vəkilin bəyanatında deyilir.

Qeyd edək ki, KİV-in məlumatına görə, bir neçə gün öncə Lotu Qulinin adamları kriminal avtoritet Rafiq Masallinskini qəddarcasına döyüblər və onun bir qulağını kəsiblər. Zorakılığa məruz qalmış R.Masallinskinin fotoşəkli sosial şəbəkələrdə və Azərbaycan KİV-də yayımlanmışdı.

Xatırladaq ki, yanvarın 8-i gecə saatlarında Nərimanov rayonu ərazisində 15-20 nəfərin iştirakilə silahlı insident baş verib. “AzPolitika.info”-ya daxil olan məlumata görə, polis hadisə iştirakçılarından 3-nü saxlayıb, digərlərinin saxlanması üçün tədbirlər görülür.

 

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir