www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bir neçə gün əvvəldən bayram həyəcanı başlayır, insanlarda xoş əhval-ruhiyyə, ölkədə bayram ab-havası yaranır, hər yerdə qurbanlıq tədarükünə başlanılır, cəmiyyətdə canlanma baş verir. Hamı bu günü gözləyir…

Qurban Bayramının əsas mahiyyəti – Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Təalanın imkansız bəndələri ilə bölüşmək, onları sevindirməkdir.

Bayramın məhvəri xeyirxahlıq, paklıq, inam və sevgidir.

… Hər il hicri təqvimlə zilhiccə ayının 10-cu günündən başlayan və adətən üç gün davam edən mərasimlərdə qoyun, qoç, keçi, inək, dana və ya dəvə qurban kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay yollanır, bir hissəsi də kasıblara paylanır. Hamıya bərabər pay verilməlidir və bu zaman qurban kəsənin özü də bərabər pay götürə bilər.
Adətə görə, yoxsullar və imkansızlar bayram günü ac qalmasınlar deyə onlar mərasimlərə dəvət almalıdır.

İsmayıl qurbanı: biz niyə qurban kəsir və onu bayram edirik?

Qurban bayramı və ya dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub. Fəqət o cəhalət dönəmlərində qurban günahdan təmizlənmək, qəzəblənmiş Tanrı və ya tanrıların könlünü almaq, hansısa diləyi yerinə yetirmək və s. üçün nəzərdə tutulurdu.
Hicrinin, yəni Hz.Məhəmmədin (s.ə.s) Məkkədən Mədinyə hicrətinin ikinci ilindən sonra dini qurban kəsmənin İslam dünyasında fərqli məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.

Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə onun imanını yoxlamaq üçün oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl mömin, qəlbində Yaradana sevgi olan dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır.

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Hansı heyvanları qurban kəsmək olar?

İsmayıl qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət deyil.

Peyğəmbərimiz də qurban kəsib

Hz.Peyğəmbərin (s.ə.s) səhabələrindən olan Həzrəti Ənəs Allah Rəsulunun qurban kəsməsi ilə bağlı belə deyir: “Rəsulullah (s.ə.s) iki kök qoç qurbanı kəsdi. Bunu edərkən ayağını yanlarına qoyaraq “bismillah” deyərək təkbir gətirdiyini gördüm. Sonra da onları öz əlləri ilə kəsdi”. Hz.Peyğəmbərin mövzu ilə əlaqəli hədislərindən birində belə ifadə edilir: “Adəm oğlu qurban bayramı günü Allah qatında qurban kəsməkdən daha sevimli bir iş etməz. Şübhəsiz ki, kəsilən qurban qiyamət günü buynuzları, tükləri və dırnaqları ilə gələr. Heç bir şübhə yoxdur ki, kəsilən qurbanın qanı yerə axmamışdan əvvəl Allahın yanında qəbul edilir. Elə isə könüllərinizi qurbanla xoş eləyin”.
Buna görə də bu bayram Allah Rəsulunun yaşadığı səadət əsrindən günümüzə qədər qurban kəsilərək qeyd edilib. “Əyyamı nəhr” (qurbanlıq heyvanların kəsilməsi günləri) ifadəsi də on beş əsrdən bəri bu mənada işlədilir.

Qurbanın hansı növləri var?

Qurban ibadətinin üç növü var. Onlar udhiyyə qurbanı (yəni qurban bayramında kəsilən qurban), nəzir və ya adaq qurbanı, əqiqə qurbanı və həcclə əlaqəli olaraq kəsilən həcc qurbanlarıdır. Qurban kəsməyin hökmünün nə olmasından asılı olmayaraq, Qurban hikməti, məqsədi və hökmü səbəbi ilə İslamda rəmz olmuş mühüm bir ibadətdir.

Qurban əti və Qanı Allah yox, bəndə üçündür

Allahın buyruğu belədir ki, qurbanların əti və qanı ona çatmır. Qurani-Kərimdə insanlara nazil olan bu həqiqətin dərin hikməti var. Zira qeyri ibadətlərdə olduğu kimi, qurbanda da isanın niyyəti və ixlası, yəni səmimiyyəti əsas şərtdir.

İxlas hansısa işi, əməli və ya ibadəti hansıs a başqa məqsəd və ya kəs üçün yox, məhz Allahın razılığını qazanmaq üçün yerinə gətirməkdir.
Qurani-Kərimdə bu barədə belə deyilir: “Qurbanlıqların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin Onun üçün səmimi qəlbdən etdiyiniz əməl və ibadətdir” (“Həcc” surəsi, 37).

Qurban kəsmək əvəzinə pul vermək olarmı?

Qurban kəsməyərək əvəzi olan vəsaiti kasıblara paylayanlar qurban kəsmiş sayılmaz. Onlar sadəcə, yoxsul və imkansızlara yardım, ya da gərəkli hesab edilən işə görə yardımla köməyin savabını qazanarlar.

Bu səbəbdən də bəzilərinin “Allah-Təalanın qurbanın ətinə və ya qanına ehtiyacı yoxdur, ona görə qurban kəsmirəm” deyərək heyvan kəsmək əvəzinə həmin heyvana çəkiləcək xərc məbləğində vəsaiti kasıblarla imkansızlara paylamağın daha “caiz”, yəni məsləhətli olduğunu iddia etmələrinin heç bir əsası yoxdur.

Çünki belə əməl və davranış ayə ilə hədislərin ruhuna uyğun gəlmir.

Qurbanı necə kəsmək lazımdır?

Qurbanlıq heyvanın kəsilməsində bəzi qaydalara riayət etmək lazımdır. Heyvan kəsiləcək yerə incidilmədən götürülür, kəsiləcək zaman da qıbləyə qarşı və sol tərəfi üzərində yatırılır. Əlindən gəldiyi qədər hər bir mükəlləfin qurbanını özü kəsməlidir. Amma bacarmadığı halda başqasına vəkalət verib kəsdirə bilər. Qurban sahibinin heyvanın kəsilmə zamanı orada olması müstəhəbdır. Heyvan yerə yatırılarkən Qurani-Kərimdən “Üzümü göyləri və yeri yaradan Allaha, Onun birliyinə inanaraq cevirdim. Mən müşriklərdən deyiləm”(əl-Ənam 79), “Mənim namazım, ibadətim, həyatım və ölümüm Aləmlərin Rəbbi olan Allah üçündür. Onun ortağı yoxdur. Mənə belə əmr olundu və mən Allaha təslim olanların ilkiyəm” (əl-Ənam,162-163) ayələri oxunulur. “Ey Allahım, dostun İbrahimdən və həbibin Mühəmməddən (s) qəbul etdiyin kimi, məndən də qəbul buyur” şəklində dua edilərək təkbir gətirilir.

Qurbanı kəsən şəxs heyvana əziyyət etməməli, bıçağı heyvana göstərməməlidir. Sağ əlində tutduğu bıçaqla heyvanı kəsərkən “Bismilləhi Allahu Əkbər” deməlidir. Qurbanı vəkil kəsdiyi halda qurbanın sahibi də “bismilləh”də iştirak etməlidir. Qoyun, keçi və inək və camış cinsindən olan heyvanlar yatırılıb çənələrinin altından, dəvə isə ayaq üstə sol ön ayağı bağlanaraq köksünün üzərindən kəsilir. Heyvanın boğazının iki tərəfindəki şah damarları, yem və yemək borusu kəsilməli və heyvanın qanı axıdılmalıdır.

Kimlər və necə qurban kəsə bilər?

İslamda “nisab miqdarı” deyilən anlayış var. Bu anlam hər kəsin qurban kəsməsini zəruri edən maddi imkan miqdarı ilə rivah səviyyəsini göstərilir. Şəriətin buyruğuna görə, 561 qram gümüş və 650 kq buğdanın dəyəri qədər varidatı olan kəs qurban kəsməlidir.
Şəriət onu da buyurur ki, qurbanlıq heyvanlardan qoyun və keçi ancaq bir nəfər tərəfindən kəsilə bilər. İnək, camış və ya dəfəyə gəldikdə isə, 7 nəfər yığışıb bu heyvanlardan birini kəsmək hüququna malikdir. Qurbanlıq heyvana şəriklərin sayı daha çox ola bilər. Bir şərtlə ki, onların iştirakı ilə kəsilən qurban ətinin bərabər bölünmüş hissələrini şərilərin hər biri bir yoxsula və ya imkansıza çatdırsın.
Şəriklərdən biri sadəcə, ət almaq məqsədilə işə qatılarsa, onda yerdə qalan şəriklər də qurban kəsmiş sayılmırlar və onların qurbanı qəbul olunmur.

Qurban Bayramı bizim üçün nədir?

Qurban Bayramı müsəlman aləmində təkcə dini ayin kimi icra və qeyd olunmur. Azərbaycanda bu, həm də milli adət-ənənlərimizin tərkib hissəsinə çevrilib. Qurban bayramında nişanlı qızlara oğlan evi tərəfindən qurban əti göndərilər, ya da qurbanlıq qoyun (quzu, keçi və s.) gətirilər. Gəlinin bel bağı kimi qırmızı lent qurbanlıq qoyunun boynuna bağlanır, nişanlı qızın ayağı altında kəsilir. Eyni mərasim torlarımızda da icra olunur. Qurban Bayramı gününə təsadüf etməsə də, əksər toylarda gəlinin ayağı altında qurbanlıq heyvan kəsilir.
İnsanlar əhd edib, niyyət tutar, arzu-diləklərinin Tanrı dərgahında qəbul olunması üçün Allah yolunda qurbanlar kəsərlər.

… Qurban bayramı qardaşlıq, yardımlaşma, insanların bir-birinə dayaq durması ruhunu canlandırır, sosial ədaləti qısa müddətə olsa da, cəmi müsəlmanlar arasında bərpa edir.

Varlılar xəsislik və dünya malına düşkünlüük azarından; yoxsul, kasıb və imkansızlar isə qurban payı aldıqları üçün özlərindən zənginlərə düşmənçiliklə kin bəsləməkdən qurtulmaq, cəmiyyətin tamhüquqlu üzvü duyğusunu anlamaq imkanı əldə edir.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."