BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılan “Hələb qətnaməsi” qəbul edilməyib. BMT TŞ-nın Hələbdə atəşkəs elan olunması haqda hazırladığı qətnamə Rusiyanın və Çinin maneəsi ilə qarşılaşıb.
Məsələ ilə bağlı Yeniçağ.az-a açıqlamasında analitik və “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirib ki, bu, ilk növbədə Rusiyanın Suriyada olan maraqlarının müdafiəsi ilə əlaqədardır. Onun sözlərinə görə, Hələb kifayət qədər ciddi strateji əhəmiyyətə malikdir və ona nəzarət Suriyada cərəyan edən mürəkkəb qarşıdurmada önəmli mövqe qazanmaq deməkdir:
“Bildiyiniz kimi, qərar Suriyanın Hələb şəhərində humanitar yardımların ünvanına çatdırılması üçün 7 gün atəşkəs elan olunmasını nəzərdə tutur. Əsəd tərəfdarları bu 7 gün ərzində Qərbin, eləcə də Türkiyənin dəstəklədiyi müxalif qüvvələrin toparlanması üçün böyük fürsət ola biləcəyindən ehtiyatlanaraq, qərarın qəbul edilməsinə qarşıdırlar”.
V.Zifəroğlunun fikrincə, hazırda Hələb uğrunda ciddi döyüşlərin getdiyi bir zamanda, müəyyən üstünlüklər əldə etmiş olan Əsəd qüvvələri əməliyyatın tam başa çatmasından sonra yardımların çatdırılmasında israr etməkdədirlər: “Əsəd rejiminə aktiv şəkildə həm siyasi, həm də hərbi dəstək verən Rusiyanın bu baxımdan qərara veto qoyması, təbiidir”.
Yenicag.az
www.yenicag.az