Separatçılara Paşinyan hakimiyyətindən NÖVBƏTİ ZƏRBƏ – “Ermənistan bununla barışıb”
“Rusiya üçün Ermənistan oyuncaq bir dövlətdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.
O, qeyd edib ki, separatçı rejim məhv olduğunun fərqindədir:
“Ümumiyyətlə, “separatçıların nümayəndəliyi bağlanıb” başlıqlı xəbərlərdə bir erməni hiyləsi açıq görünür. Öz aləmlərində hələ də bu qondarma rejimi yaşatdıqlarını düşünürlər. Amma məsələ birdəfəlik həll olunub. Azərbaycanımızın qəhrəman ordusu birgünlük antiterror əməliyyatı ilə bu rejimi zibilliyə atıb. Bunun Ermənistan tərəfi də fərqindədir və bununla barışıb. Xankəndi ömürlük Azərbaycan olub. Allah onu bizə bəxş edən qəhrəman şəhidlərimizə rəhmət eləsin!”
Siyasi şərhçi Rusiyanın bu məsələdəki mövqeyi barədə də danışdı:
“Kreml Paşinyan iqtidarını 2020-ci ildə cəzalandırıb. Rusiya üçün Ermənistan oyuncaq bir dövlətdir. İstədiyini lazım olan zaman həyata keçirir. Putin Vardanyanın timsalında separatçılar və “Qarabağ klanı” barədə mövqeyini nümayiş etdirib. Ən nəhayət, şimal qonşumuz Azərbaycan kimi Cənubi Qafqazın lider ölkəsi ilə əlaqələri daim üst səviyyədə saxlamağın vacibliyini çox gözəl anlayıb. Erməni tərəfi nəhayət bunu çox gözəl anlamalıdır. Başqa yollarının olmadığının da fərqində olmalıdırlar. Normal dövlət və normal adam kimi yaşamaq istəyirlərsə, öncəliklə Azərbaycan və Türkiyə ilə əlaqələri tez zamanda bərpa etməli, konstitusiyalarında olan sözügedən iddiaları çıxarmalıdırlar”.
“Paşinyana gəldikdə isə onun özündən əvvəlki iqtidar təmsilçiləri və separatçılarla bağlı mövqeyi aydındır. Hazırda onun bir məqsədi varsa, o da hakimiyyətini qorumaqdır. Bunu da bacaracağını düşünürəm. Artıq o da boş-boş qondarma rejimi yaşatmağın əbəs olduğunun fərqindədir. Bir səfirliyin içərisində bir nümayəndəliyin olmasının özü bir gülüncdür. Artıq o və dünya anlayır ki, öncəliklə birdəfəlik Qarabağ Azərbaycan oldu, ardınca da Xankəndi”, – deyə o, fikirlərini yekunlaşdırıb.