Onlar da sertifikasiyaya cəlb olunacaq - Emin Əmrullayev açıqladı
“Bağçada bir iş olsaydı flankəs də işləyərdi”. Uzun illər məktəbəqədər təhsil pilləsində bu məntiq işləyib. Artıq köhnə təfəkkürün dəyişmə zamanı çoxdan gəlib çatıb.
Yenicag.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir deyib ki, təhsilin bu pilləsində dəyişikliklər olacaq. 3-4 yaşlı uşağın psixologiyasını anlayıb ona təhsil verə bilənlər bura cəlb olunacaqlar. Eyni zamanda bağçalarda çalışanların hər biri diaqnostika və sertifikasiyaya cəlb olunacaqlar. Çünki bu mərhələ təhsilin əsas pilləsidir.
Hazırda bölgələrdə şagird sayı 10 nəfərdən az olan 100-dən çox məktəb var. Nazirin sözlərinə görə, məhz bu problem səbəbindən bölgələrdə məktəblərin optimallaşdırılması həyata keçirilir. Məqsəd uşaqların normal təhsilə cəlb olunması və təhsilin keyfiyyətidir.
Emin Əmrullayev bildirib ki, şagirdlərin ünvana rahat çatması üçün “Məktəbli avtobusu” layihəsinin həyata keçirilməsi planlaşdırılır.
O ki qaldı paytaxdakı məktəbli avtobusu layihəsinə, Emin Əmrullayevin sözlərinə görə, burada məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir, yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır.