www.sinerjipro.net

SinerjiProWide
Reklam

Binəqədi rayonu ərazisində yerləşən, “Azadlıq” metrostansiyasının ətrafında gedən tikinti işlərinin hər kəsi qorxuya salması barədə məlumatlar yayılıb.

Buna səbəb tikintinin metronun üzərində aparılması göstərilir.

Yayılan daha bir məlumatda isə sözügedən parkda tikinti işlərini “Şərur” MTK-nın sədri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov tərəfindən aparıldığı deyilir.

Lakin o, ölkə.az-a açıqlamasında bildirib ki, sözügedən ərazi onun əlindən alınıb.

“Həmin parkda tikintini biz aparmırıq. Orada başqa şirkət iş görür. Ərazidə aparılan tikinti işləri ilə mənim heç bir əlaqəm yoxdur. Bunu hər kəs maraqlanıb öyrənə bilər. Hazırda orada “Kristal Abşeron” tikinti işləri aparır. Öz reklam lövhələrini də vurublar, bunu hər kəs görə bilər”.

Yenicag.az olaraq məsələ ilə bağlı “Kristal Abşeron” şirkəti ilə əlaqə saxladıq. Telefonumuza özünü şirkətin marketinq şöbəsinin müdiri kimi təqdim edən Rəşad Qurbanov cavab verdi. O, bildirdi ki, tikinti proseslərini artıq 1 ildən çoxdur ki. “Kristal Abşeron” şirkəti aparır.

“Bəli, tikinti prosesləri bizim şirkətə məxsusdur. Artıq bir ildən çoxdur ki, orada iş görürük. Məlumat üçün deyim ki, sözügedən ərazidə 17 mərtəbədən ibarət yaşayış binası olacaq”.

Tikinti işlərinin metronun üzərində aparılması və bununla da həmin ərazidə olan insanların qorxuya düşməsi məsələsinə gəldikdə isə Rəşad Qurbanov sərt reaksiya verib. O, tikintinin aparılması üçün aidiyyatı qurumlara müraciət edildiyini bildirib:

“Əgər yaşayış binası tikilirsə, demək, FHN-dən, İcra hakimiyyətindən icazəsi alınır. Bunun üçün müvafiq sənədlər toplanılır və ona uyğun tədbirlər görülür. Bu şərtlərə riayət olunmasa, Bakıda daşı-daş üstə qoymaq mümkün deyil. Sakinlərin qorxu içində olması məsələsinə gəldikdə isə biz lazımi tədbirləri görürük”.

Mövzu ilə bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, tikinti işlərinin metronun üzərində aparılması məsələsi həqiqəti əks etdirmir və yalandır:

“Stansiyanın üzərində hər hansısa bir tikili yoxdur. Buna görə də metrodan istifadə edən sərnişinlər narahat olmasınlar. Kimlərsə özündən yalanlar uydurub, camaatı ajiotaja salmağa çalışır. Özünüz də baxış keçirsəniz, metronun üzərində tikintinin aparılmadığını görərsiniz. Tikinti işləri ətraf ərazidədir. Digər tərəfdən də Bakı metrosunun rəhbərliyi sərnişinlər üçün təhlükə yaradacaq proseslərin yaranmasına icazə verməz”.

Elvin Paşazadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2169
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."