44+1 və yaxud 100 illik problemin 24 saata həll edilməsi.
Müharibə, antitteror əməliyyatının olacağı qaçınılmaz idi. Azərbaycan tərəfinin bütün təkliflərini erməni tərəfi ya əlinin arxası ilə itələyirdi, ya da müxtəlif variantlar işlədərək gündəmi dəyişirdi.
Azərbaycan tərəfi “Qarabağdakı silahlılar rəsmi Bakının qırmızı xəttidir” deyəndən sonra erməni tərəfi “hümanitar böhran” oyununu qurdu, Azərbaycan Ordusunun diqqətini daha çox şərti sərhədə və Naxçıvana yönəltməyə çalışdı, məsələləri BMT Təhlükəsizlik Şurasının iclasına qədər apardı.
Bütün bunlar ona görə edilirdi ki, rəsmi Bakının qırmızı xətti gündəmdən düşsün. Proseslər onu göstərdi ki, Azərbaycan tərəfi onların yaratdığı gündəmlərə gedirmiş kimi davranıb, alt hissədə isə “sən saydığını say, gör fələk nə sayır” siyasəti yeridirmiş. Əməliyyatlar başlamazdan əvvəl hətta şərti sərhəd istiqaməti daha çox gündəmə gətirilirdi. Ermənistan tərəfinin gözlədiyi də bu idi. Azərbaycan Ermənistan ərazisinə girsin, beynəlxalq aləmdən təzyiqlər, təhdidlər və sanksiyalar rəsmi Bakının başının üzərini alsın.
Əməliyyatlar başlamazdan əvvəl Azərbaycan tərəfi şərti sərhədə gücləndirmə versə də, əsas qüvvələrini xüsusilə Ağdam istiqamətinə cəmləmişdi.
Niyə Ağdam?
Çünki Ağdamdan həm Ağdərə, həm Əsgəran, həm də Xocavəndə irəliləmək olardı.
Əməliyyatlardan öncə qarşı tərəfin bütün hərbi hədələrinin yeri bəlli idi. Ona görə də ilk artilleriya və raketlərin atışları gücləndirilmiş mövqelərə endirildi. Separatçıların ən güclü mövqeləri Ağdərədə və Xocavənddə idi. İlk zərbə dalğasına Xocavənd istiqamətindəki Şişqaya tuş gəldi. Şişqaya ermənilərin Qarabağdakı bəlkə də ən güclü mövqeyi sayılırdı. 44 günlük müharibə zamanı da oranı götürmək mümkün olmamışdı.
Bu əməliyyatlara 44 günlük müharibənin ardı kimi baxsaq da, mahiyyət tamamilə fərqli idi. 44 günlük müharibə zamanı Azərbaycan tərəfi işğalda olan torpaqlarını azad etməyi hədəfləmişdisə, bu dəfə qarşıya qoyulan məqsəd separatçıların təslim olması idi.
Niyə təslimçilik?
Təslimçilik məğlubiyyətin etirafıdır. Əgər qarşı tərəf ağ bayraq qaldırmasaydı, onlar yenə şərtlər irəli sürəcək, şıltaqlıqlarından geri qalmayacaqdılar.
Laçın sərhəd-keçid məntəqəsinin qurulmasının əhəmiyyəti həm də bu əməliyyatlarda büruzə verdi. Qarşı tərəfin heç bir təminatı yox idi. Təminatsız ordunun döyüşməsi bir yerə qədərdir. Bundan əlavə Azərbaycan Ordusu Qarabağ daxilindəki təminat yollarını hədəf almışdı. Beləcə, separatçı rejimin ordusu həm kənardan, həm də daxildən təminatsız saxlanıldı. Bundan əlavə bütün vasitələrdən istifadə edərək Azərbaycan Ordusu qarşı tərəfin mövqelərinə durmadan zərbələr endirdi. O qədər zərbələr qarşısında təminatsız və dəstəksiz qalan separatçılar təslim olmağa məcbur idi.
Qarabağdakı separatçıların ötən üç il ərzində müharibədən dərs çıxardığı açıq-aşkar görünürdü. Hər yer kamera, hər yer səngər, mühəndis istehkamları ilə dolu idi. Bundan əlavə qarşı tərəf çətin relyefi bir qədər də çətinləşdirərək müqaviməti gücləndirirdi. Hər şeyin bir həddi olduğu kimi müqavimətin də bir həddi var.
Atəşkəs elan olunandan sonra müxtəlif istiqamətlərdə təslimçiliyi qəbul etməyib, döyüşməyə davam edən qruplar oldu. Azərbaycan Ordusu məhz o qrupların zərərsizləşdirilməsi yönündə əməliyyatları davam etdirdi.
Məsələnin hərbi yönü bitmiş kimi görünsə də, münaqişənin qalıqlarının davam edəcəyi gözləniləndir. Necə ki, Yevlax görüşü nəticəsiz yekunlaşdı.
Təslim olan tərəf vaxt istəmir, danışıqlarda detal düşünmür, təslim olan tərəfin qarşısına şərtlər qoyulur, hazır müqavilə qoyulur, onlar da imzalayır.
Görünən odur ki, münaqişənin davam etməsini istəyən güclər var. O güclər atəşkəsin imzalanmasına 5 dəqiqə qalmış fors-major halı yaşatdı. Rusiya sülhməramlılarının öldürülməsini 44 günlük müharibənin son günü Naxçıvan istiqamətində rus helikopterinin vurulmasına bənzədənlər var.
Hesab edirəm ki, bunlar oxşar hallar deyil. Rusiyanın o helikopterin vurulmasına marağı var idi, ancaq bu hadisədə qətiyyən maraqlı ola bilməzdi. Niyə? Çünki təslimçiliklə bağlı Azərbaycana müraciət səhər saatlarında olub. Bunu rəsmi Bakı da elan edib. Atəşkəsin baş tutacağını bilən Rusiya niyə görə öz hərbçilərini güdaza versin ki?
Son dövrlər Azərbaycanla Rusiyanın yaxınlaşmasını nəzərə alsaq, bu məsələnin göründüyündən daha qəliz olduğunu demək olar.
Hesab edirəm ki, proseslər hələ indi başlayır. Gələcəkdə Azərbaycan tərəfinin Qərbi Azərbaycan iddiası irəli sürəcəyini də ön görmək olar. Regionda gərginlik azalma yox, artan xəttlə inkişaf edəcək.
Səxavət Məmməd
www.yenicag.az