“ABŞ bizim nüvə potensialımızı bir anda məhv edər”
Rusiya Baş nazirinin müavini, qalmaqallı fikirləri ilə seçilən Dmitri Roqozin elmi-praktik konfransda çıxışında Qərblə mümkün hərbi qarşıdurmalardan bəhs edib.
Roqozin ABŞ-ın qısa müddətə Rusiyanın nüvə potensialının 90 faizini məhv etmək gücündə olduğunu dilə gətirib.
Rusiyalı siyasətçi ölkəsinin Qərbin hərbi texnologiyası ilə müqayisədə 5 əsas məqam üzrə geridə qaldığını təəssüflə səsləndirib:
”On ildən çoxdur ki, Amerika ildırımsürətli zərbənin endirilməsi konsepsiyasının üzərində işləyir. Bu konsepsiya özündə nüvə silahı deyil, başqa mexanizmlərlə dünyanın istənilən nöqtəsində istənilən hədəfin bir neçə saat ərzində vurulmasını, yerlə yeksan edilməsini nəzərdə tutur. Bizdə olan məlumata görə, ötən il 3,5 – 4 min ədəd yüksək göstəricili silahlarla hərbi təlimlərin nəticəsində bəlli olub ki, Pentaqon istənilən ölkənin hərbi potensialını 6 saat ərzində məhv etmək gücundədir. Bura təbii ki, Rusiya da daxildir”.