Avrasiya İqtisadi Birliyində imzalar atılır
Rusiya Prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqına daxil olan ölkələr ilə yeni siyasi və iqtisadi mərkəz rolunu oynayacaq tarixi addım atmaqdadır. Putin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Belarus Prezidenti Aleksandr Lukaşenko “Avrasiya İqtisadi Birliyi”nin yaradılmasını mayın 29-u Astanada imzalayacaq.
Keçmiş Sovet İttifaqı ərazisində geniş inteqrasiyanı nəzərdə tutan razılaşma, xidmət, ticarət və pul dövriyyəsini təmin edəcək. Üç ölkənin meydana gətirdiyi “Gömrük İttifaqı”na daxil olmaq istəyən Ermənistan Prezidenti Serj Sarkisyan və Qırğızıstan Prezidenti Almazbek Atambayev də Astanada olacaq. Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinin yaradılması ilə əlaqədar razılaşmanın imzalanacağını təsdiq edən Rusiya Baş naziri Dmitri Medvedev, birliyin Rusiya, Belarus və Qazaxıstanın makroekonomik tarazlığına əhəmiyyətli dərəcədə təsir edəcəyini bildirib. Birliyə daxil olan üç ölkə üçün iqtisadi baxımından yeni fürsətlərin ortaya çıxacağına toxunan Medvedev “Qarşılıqlı ticarətdə bütün maneələr aradan qalxaraq bərabər rəqabət yaranacaq. Makroekonomik sabitlik artacaq. Bu da inteqrasiya potensialının daha yaxşı şəkildə iqtisadiyyat üçün istifadə ediləcəyinə şərait yaradacaq”, – deyə bildirib.