Avropa İttifaqı İsrailə qarşı sərt ADDIM ATDI
Avropa İttifaqı insan hüquqları pozuntularına görə İsrail vətəndaşları üçün vizasız səyahət rejimini dayandıra biləcək yeni mexanizmi təsdiqləyib. Bu addım, Aİ-nin viza siyasətində insan haqlarına əsaslanan yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamenti və Aİ Şurası tərəfindən qəbul edilən qərara əsasən, bundan sonra viza imtiyazının dayandırılması üçün insan hüquqları pozuntuları da əsas səbəb sayılacaq. Bu, viza rejimində ciddi dəyişiklik anlamına gəlir.
Beləliklə, İsrail vətəndaşlarının Avropa İttifaqı və Şengen zonasına vizasız girişi qısa müddət ərzində ləğv oluna bilər.
Hazırda İsrail, Avstraliya, Yaponiya, Böyük Britaniya, Ukrayna və bir sıra digər ölkələrlə yanaşı, 180 gün ərzində 90 gün müddətində Aİ ölkələrində vizasız səfər hüququna malikdir. Lakin bu imtiyaz, İsrailin insan hüquqları sahəsindəki davranışı səbəbindən risk altındadır.
Yeni qərar yalnız İsrailə deyil, bənzər insan haqları pozuntularının müşahidə edildiyi digər ölkələrə də tətbiq edilə bilər. Avropa İttifaqı bundan sonra viza siyasətini yalnız diplomatik və iqtisadi əlaqələrlə deyil, həmin ölkələrin insan hüquqları üzrə reytinqləri ilə də əlaqələndirəcək.
Ekspertlər bu addımı Aİ-nin beynəlxalq hüquqa və insan haqlarına əsaslanan xarici siyasət strategiyasının bir hissəsi kimi dəyərləndirirlər.
Məsimə Məmmədova