NASA-nın supersonik təyyarəsi ilk dəfə səs baryerini aşmağa hazırlaşır

media-hightechnic-468x90

NASA tərəfindən hazırlanan və “səssiz” supersonik uçuş texnologiyalarını sınaqdan keçirən “X-59” təyyarəsi özünün ən mühüm inkişaf mərhələsinə qədəm qoyub.

media-banner_tkm

Yenicag.a xəbər verir ki, bu barədə NASA-nın rəsmi bəyanatında bildirilir.

Məlumata görə, cari ilin may ayının sonunda keçirilən yekun qiymətləndirmədən sonra təyyarənin növbəti sınaq mərhələsinə start verilib. Yeni uçuş proqramı çərçivəsində unikal hava gəmisi öz tarixində ilk dəfə olaraq səs sürətini aşacaq.

NASA-nın “Low Boom Flight Demonstrator” layihəsinin rəhbəri Keti Bam məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, növbəti mərhələ bu növünün tək nümunəsi olan təyyarənin ilk supersonik uçuşu olacaq:

“Biz artıq “X-59″un dizayn edildiyi əsas missiya şərtlərinin sınaq nöqtəsinə doğru irəliləyirik. Keçdiyimiz hər bir addım bizi “Quesst” missiyasının əsasını təşkil edən səssiz supersonik imkanların nümayişinə daha da yaxınlaşdırır”.

Agentliyin planına əsasən, səs baryerinin aşılması üzrə ilk sınaq uçuşları cari ilin iyun ayının əvvəlinə planlaşdırılır. İlkin mərhələdə təyyarənin təxminən 13 100 metr (43 000 fut) hündürlükdə saatda 1013 km-dən (630 mildən) çox sürətlə uçması gözlənilir.

Daha sonra isə missiyanın əsas hədəfi – təxminən 16 700 metr (55 000 fut) yüksəklikdə 1,4 max (saatda 1488 km / 925 mil) sürətə çataraq rəsmi missiya şərtlərini yerinə yetirmək olacaq.

Layihənin son hədəfi isə maksimal sürəti 1,6 maxa (saatda 1960 km / 1218 mil), hündürlüyü isə 18 200 metrə (60 000 fut) çatdırmaqdır.

Məlumata görə, səs sürətinin aşılacağı ilk sınaqlar zamanı “X-59″un dizaynında nəzərdə tutulan “səssiz zərbə” effekti hələlik ictimaiyyətə nümayiş etdirilməyəcək. Sınaqlar zamanı onu müşayiət edəcək ənənəvi supersonik qırıcı təyyarənin yaratdığı güclü səs dalğaları eksperimental təyyarənin zəif səsini maskalayacaq. Lakin yay aylarında keçiriləcək sınaqlarda müşayiətçi təyyarəyə quraşdırılmış xüsusi texnologiya vasitəsilə “X-59″un yaratdığı şok dalğalarının ilk ölçümləri qeydə alınacaq.

Xatırladaq ki, təyyarə ilk uçuşunu 2025-ci ilin oktyabrında həyata keçirib. Planlaşdırılmış texniki baxışdan sonra, 2026-cı ilin martından etibarən sınaqlar bərpa olunub və bu vaxta qədər daha 14 uğurlu uçuş icra edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05