Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini V.Salmanzadə axşam saatlarında şəhər ərazisində idarə etdiyi “Şevrolet” markalı avtomobillə çoxavazlı səs siqnallarından və sayrışan işıqlardan istifadə etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edib.
İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücü saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilib və barəsində tərtib olunan inzibati protokol aidiyyatı üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Rayon Məhkəməsinin qərarı ilə V.Salmanzadə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.