İsrail “Hizbullah”ın ən gizli proqramını belə deşifrə etdi – Bir girovun etirafları…
İsrail ordusu Livan “Hizbullah”ının gizli dəniz proqramının təşkilatın yüksək rütbəli üzvü İmad Emhez-in istintaq zamanı verdiyi ifadələr hesabına ifşa olunduğunu açıqlayıb.
Yenicag.az xəbər verir ki, ordunun ərəb dilli sözçüsü Aviхay Adreyinin məlumatına görə, təxminən bir il əvvəl İsrailin dəniz xüsusi təyinatlılarının (13-cü dəniz komandoları birliyi) hərbi kəşfiyyatın dəniz bölməsinin yönləndirməsi ilə Livanın şimalında, sərhəddən təxminən 140 km aralıda yerləşən Batrun qəsəbəsində həyata keçirdiyi gizli əməliyyat zamanı Emhez yaxalanaraq İsrailə aparılıb.
Rəsmi açıqlamaya əsasən, Emhez İran və Livanda hərbi hazırlıq keçib, “Hizbullah”ın 7900 saylı sahil müdafiə raketləri birliyində işlədiyi dövrdə geniş dənizçilik təcrübəsi qazanıb. O, həmçinin Livandakı “Marasti” adlı mülki dənizçilik akademiyasında təhsil alıb ki, İsrail tərəfi bunu “Hizbullah”ın mülki qurumlardan terror məqsədləri üçün istifadə etməsinə nümunə kimi təqdim edir. Emhez dindirilmə zamanı “Hizbullah”ın “ən gizli layihələrindən biri” kimi təsvir edilən dəniz dosyesində mərkəzi rol oynadığını etiraf edib; onun verdiyi məlumatlarda təşkilatın dəniz infrastrukturunu mülki pərdə altında quraraq İsrailə və beynəlxalq hədəflərə qarşı mümkün hücum planları yer alıb.
İsrail ordusu iddia edir ki, bu gizli dəniz layihəsi birbaşa olaraq öldürüldüyü bildirilən “Hizbullah” lideri Həsən Nəsrullah tərəfindən idarə olunub, hərbi lider Fuad Şükr və dəniz dosyesinin məsulu sayılan Əli Əbdülhəsən Nuriddin də prosesdə əsas fiqurlar olub. Tel‑Əvivə görə, Emhez-in istintaqda verdiyi məlumatlar və sözügedən liderlərin sıradan çıxarılması nəticəsində “Hizbullah”ın dəniz layihəsinin inkişafı kritik mərhələdə dayandırılıb. İsrail tərəfi həmçinin bildirir ki, “Hizbullah”ın dəniz strukturu və digər dəniz bölmələri İranın maddi və ideoloji dəstəyi hesabına qurulub, “Livanın inkişafına sərf olunmalı nəhəng resurslar” təşkilatın hərbi-siyasi fəaliyyətinə yönləndirilir. Ordu bəyan edir ki, İsrail vətəndaşlarına yönəlik hesab edilən təhlükələri aradan qaldırmaq üçün “bütün cəbhələrdə zəruri addımlar atılmağa davam ediləcək”.
Camal Cavanşir












