Rusiyanın 90 milyardlıq "girovu": Avropa özünü tələyə salır?

media-hightechnic-468x90

“Rusiyanın dondurulmuş aktivləri Ukraynaya yönəldilərsə, Avropanın etibarlılığı təhlükə altına düşəcək.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında hüquqşünas Xəyal Bəşirov bildirib.

media-1752238942_1748928697_u6tyuHüquqşünas Rusiyanın Avropadakı dondurulmuş aktivlərinin Ukraynaya yönəldilməsinin hansı nəticələrə yol aça biləcəyini sadalayıb:

“Avropa İttifaqı tərəfindən Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardımla bağlı istifadə edilməsi təklifi uzun müddətdir ki, müzakirə olunur. Müharibənin başlamasından artıq dörd il keçməsinə baxmayaraq, bu proses paralel şəkildə müzakirə olunsa da, indiyədək konkret addım atılmayıb. Bunun da ciddi səbəbləri var. Ümumiyyətlə, hazırkı mərhələdə Avropa İttifaqı ölkələri arasında bu mövzuda ciddi fikir ayrılıqları var və ittifaq üç yerə bölünüb.

Bir qisim dövlətlər birmənalı şəkildə həmin aktivlərin istifadə edilməsinin tərəfdarıdır. Bura Polşa, Çexiya, Latviya, Litva, Estoniya və Finlandiya aiddir. Digər bir qrup dövlətlər isə həmin vəsaitlərin əsas hissəsini deyil, ondan gələn gəlirlərin Ukraynaya yönləndirilməsini təklif edirlər. Bu dövlətlər Fransa, Almaniya, İtaliya, İspaniya və Hollandiyadır (Niderland). Üçüncü qrup dövlətlər isə həmin vəsaitlərə toxunulmasının qanunsuz və hüquqa zidd olduğunu bildirir. Bura isə Macarıstan, Slovakiya, Avstriya və Belçika daxildir. Eyni zamanda nəzərə alaq ki, ABŞ-nin hazırkı rəhbərliyi keçmiş Bayden administrasiyasından fərqli olaraq bu məsələyə qarşıdır. Bu gün davam edən Aİ müzakirələri zamanı belə bir qərar qəbul olundu ki, Ukraynaya 90 milyard avroluq yardım edilsin, lakin bunun müqabilində Rusiyanın dondurulmuş vəsaitləri girov kimi saxlanılsın. Rusiya Ukraynaya təzminat ödədikdən sonra həmin vəsaitlər üzərindəki məhdudiyyətlər götürülə bilər.”

X. Bəşirov qeyd edib ki, bu addım atılarsa, Rusiya da öz ölkəsində olan Avropa səhmlərinə əl qoya bilər:

“Rusiya bunu açıq şəkildə öz aktivlərinin mənimsənilməsi kimi qəbul edir. Sözügedən vəsaitlərin 80-90%-i Belçika banklarında olduğu üçün bu ölkə də məsələyə xüsusi həssaslıqla yanaşır. Belçika hökuməti gələcəkdə bununla bağlı hüquqi məsuliyyət daşımaqdan yayınmaq üçün bu mövzuda riskli addım atmaq istəmir. Ümumiyyətlə, bu qərar beynəlxalq hüquqa ziddir. Baxmayaraq ki, Rusiya özü də beynəlxalq hüququ pozaraq Ukrayna ərazisinə hücum edib, lakin bu vəsaitlərin müsadirə edilməsi addımı indiyədək heç bir müharibədə atılmayıb. Bu müharibəyə görə müdafiə cəhətdən ciddi problemlər yaşayan Avropanın, NATO-nun və ya ayrı-ayrı ölkələrin təhlükəsizliyinə heç bir qarantiya qalmayacaq. Rusiya da məhz bu prizmadan təhdid mesajları verir. Gələcəkdə Avropaya digər dövlətlərdən, şirkətlərdən və iş adamlarından yatırımların edilməsi ilə bağlı problemlər yaranacaq, Avropa İttifaqı ölkələrinə qarşı etimadsızlıq formalaşacaq. Bu isə Avropanın öz maraqlarına uyğun deyil. Bununla yanaşı, Rusiya da öz ərazisində Avropaya aid olan şirkət və iş adamlarının vəsaitləri, daşınmaz əmlakları ilə bağlı analoji addımı ata bilər. Hər bir halda inanmıram ki, Rusiya vəsaitlərinin Ukraynaya yönəldilməsi ölkələr tərəfindən yekdilliklə reallaşsın. Reallaşarsa, gələcəkdə Avropaya sərmayə qoyuluşları böyük təhlükə altına düşəcək.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa