Azərbaycan Ordusunun Avqust döyüşlərindən 10 il ötür – “Bu təxribatlar cavabsız qalmayacaq”

“Azərbaycan atəşkəs dövründə bir neçə dəfə Ermənistan ilə toqquşmalarda əks tərəfə müəyyən siqnallar ötürüb. Bu siqnallar, əsasən, ondan ibarət olub ki, Azərbaycan tərəfi işğal faktı ilə barışmayacaq və ərazilərini istənilən halda azad edəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında 10 il bundan baş verən Avqust döyüşləri barəsində danışan hərbi ekspert Ədalət Verdiyev deyib.


Xatırladaq ki, sözügedən döyüşlərdə Azərbaycan ordusunun 12 hərbçisi şəhid olub, Ermənistan ordusunun isə 47 hərbçisi məhv edilmişdi.
Ə. Verdiyevə görə, 2014-cü il Avqust döyüşləri də bu hadisələrdən biri idi:

“Bu döyüşlər və ondan sonrakı dövrlərdə baş verən toqquşmalardan Ermənistan heç bir halda özü üçün doğru-dürüst bir nəticə çıxarmadı. Əksinə, onlar Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətlərini davam etdirdi, dəfələrlə Azərbaycan ərazilərinə qarşı iddialar irəli sürdü, ərazilərimizin talan edilməsini davam etdirdi. Hətta həmin illərdə davam edən danışıqlar prosesində də Ermənistan əvvəllər razılaşdığı formatlardakı ortaya qoyduğu mövqeni daha da sərtləşdirdi”.

Onun sözlərinə görə, bütün bunlar isə sonda 2016-ci il Aprel, 2018-ci il Günnüt və 2020-ci il Tovuz döyüşlərinə gətirib çıxardı ki, bunların da nəticələri hamımıza məlumdur:

“Təbii ki, Ermənistan, yəqin ki, həyata keçirdiyi təxribatlardan böyük peşmanlıq hissi keçirir, amma biz yenə də ermənilərin atəşkəs pozuntularına və PUA-larla əlaqədar müxtəlif təxribatlarına rast gəlirik. Onlar hesab etməsinlər ki, bu təxribatlar cavabsız qalacaq. Çünki Ermənistan ordusunu XXI əsrin fərarilər toplumuna çevirən Azərbaycan bu dövlətin bundan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, onların dizi üstə ayağa qalxmasına imkan verməyəcək”.

Rafi Müslümov

COP29