“Azərbaycan tək özünün, bütün bəşəriyyətin taleyini düşündüyünü nümayiş etdirdi” – Yusif Bağırzadə

“Ölkəmiz koronavirusla mübarizəyə dəstək olaraq, ÜST-ə və başqa dövlətlərə maddi yardım göstərir”.

Yenicag.az xəbər verir ki, politoloq Yusif Bağırzadə Azərbaycan prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin bu il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşünü təşkil etməsinin müsbət nəticələrini şərh edib.

Yusif Bağırzadənin sözlərinə görə, Azərbaycan bu kimi vacib təşəbbüslərlə özünün beynəlxalq dövlət statusunu daha da möhkəmləndirməkdədir:

“Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə toplantısını çağırması və bu təşəbbüsün həm BMT-nin baş katibi, həm də Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru tərəfindən yüksək qiymətləndirilməsi, onların buna görə Azərbaycanın dövlət başçısına təşəkkür etmələri çox mühüm hadisədir.

Bildiyiniz kimi, Azərbaycan koronavirusla mübarizəyə dəstək olaraq, ÜST-ə iki dəfə maddi yardım göstərib. Eyni zamanda, Türkdilli dövlətlərə kifayət qədər dəstək verdi. Türk Şurasında təmsil olunan Macarıstan bu yardıma görə Azərbaycana minnətdarlığını bildirdi.

Qoşulmama Hərəkatı BMT-dən sonra özündə 120 dövləti birləşdirən ən böyük beynəlxalq təşkilatdır. Azərbaycanın təşəbbüsü ilə 40 dövlət Zirvə toplantısına qatıldı. Azərbaycan dövləti həmin toplantıda Afrika dövlətlərinə də öz təcrübəsi ilə yardım etdi.

Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan beynəlxalq dövlətdir və tək öz xalqını deyil, bütün bəşəriyyətin taleyini fikirləşir. Digər tərəfdən, Azərbaycanın bu fəallığı həm də Qarabağ problemini bir daha dünya dövlətlərinin diqqətinə çatdırmaq baxımından, çox əhəmiyyətlidir.

Həm Türk Şurasının Zirvə görüşündə, həm də Qoşulmama Hərəkatının toplantısında prezident İlham Əliyev Azərbaycanın işğala məruz qaldığını yenidən gündəmə gətirdi və Ermənistanı təcavüzkar dövlət kimi qeyd etdi”.