“Bölgədə bir sıra məsələlərə tam aydınlıq gətirildikdən sonra isə Gürcüstanın da bu tandemin yanında olacağı gözlənilir”.
Bu fikirləri Azrbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra Cənubi Qafqazda proseslərin mümkün inkişafını dəyərləndirən professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, regionda istənilən proses Azərbaycan-Türkiyə ittifaqının razılığı və iştirakı ilə baş verə bilər:
“Əslində, Vətən müharibəsindən sonra Qarabağ münaqişəsinin bitmə gerçəyi ortada idi. Doğrudur, Azərbaycan keçmiş Dağlıq Qarabağ üzərində birbaşa nəzarəti o zaman hələ bərpa etməsə də, yeddi rayonun işğaldan azad olunması münaqişəni faktik bitirmişdi.
Son antiterror tədbirləri isə artıq bölgədə tamamilə yeni realllıq yaradıb. Yaranmış mövcud şəraitdə qlobal güclərin regionda möhkəmlənməyə yönəlik cəhdlərinin də yeni mərhələyə keçəcəyini söyləmək mümkündür.
Bu anlamda Qərbin davranışlarına nəzər salsaq, ABŞ və müəyyən Avropa ölkələrinin Cənubi Qafqazda kiçik Ermənistan vasitəsilə qərarlaşmağa çalışdıqları görünür. Ancaq bu seçimin effektli olacağını demək imkan xaricindədir. Çünki Ermənistan regionun ən kiçik ölkəsi olmaqla yanaşı, hər hansı təsir imkanlarına da malik deyil.
Rusiyanın isə bölgədə müəyyən tarixi olan mövcudluğu var və unutmayaq ki, bu ölkənin Ermənistanda hərbi bazaları fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan və Türkiyə amillərini də əsas götürsək, o zaman Qərbin Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənməsi təsəvvür edilmir.
Regionla bağlı ən mühüm amil budur ki, Cənubi Qafqazda istənilən proses Azərbaycan-Türkiyə ittifaqının razılığı və iştirakı ilə baş verə bilər. Bölgədə bir sıra məsələlərə tam aydınlıq gətirildikdən sonra isə Gürcüstanın da bu tandemin yanında olacağı gözlənilir. O şəraitdə Ermənistan üçün də ən doğru seçim bu əməkdaşlıq formatına yaxınlaşmaq olacaq. Bunun baş verib-verməyəcəyini gələcək göstərəcək”.
A.Zeynalov
www.yenicag.az