“Prokurorluq orqanlarının qanun pozuntusunun yolverilməzliyi ilə bağlı xəbərdarlıq etmək səlahiyyəti var”.
Bu fikirləri ötən gün Baş Prokurorluğa çağırılan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə xəbərdarlıq edilməsinə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, prokurorluq orqanlarının qanun pozuntusunun yolverilməzliyi ilə bağlı xəbərdarlıq etmək səlahiyyəti var:
“Açığı, mən baxmamışam, söhbətin hansı çıxışlardan getdiyini bilmirəm. Hər hansı şəxsin ictimai xarakter daşıyan çıxışında böhtan, təhqir elementləri varsa, təbii ki, xəbərdarlıq oluna bilər. Prokurorluq orqanlarının qanun pozuntusunun yolverilməzliyi ilə bağlı xəbərdarlıq etmək səlahiyyəti var.
Azərbaycanda siyasətçilərin fəaliyyətinə görə prokurorluq orqanlarına çağırılması, yaxud da onlara xəbərdarlıq edilməsi və başqa məsələlər əvvəllər də olub. Başqa siyasətçilərlə bağlı da belə tədbirlər görülüb. Yenə deyirəm, o çıxışlara baxmadığım üçün, məzmununu bilmirəm. Amma prokurorluq orqanlarının belə bir hüququ var.
Digər tərəfdən, haqqında təhqir və böhtan hesab olunan fikirlər səsləndirilmiş şəxslərin özlərinin müraciəti olmadan da prokurorluq orqanları bununla bağlı addım ata bilərlər.
Bəli, mətbuatda və sosial şəbəkələrdə müxtəlif məmurlar barəsində yayılan məlumatların araşdırılmaması prokurorluq orqanlarının ziddiyyətli mövqe tutmasından asılıdır. Əslində, prokurorluq orqanları sosial şəbəkələrdə və KİV-də səslənən, deyilən bütün məlumatları ümumiləşdirərək, o faktları öyrənməlidirlər. Bundan sonra lazım gəlsə, xəbərdarlıq olunmalı və ya cinayət işi açılmalı, yaxud da başqa icraat başlanmalıdır. Belə olmursa, bu o deməkdir ki, prokurorluq orqanları öz vəzifələrini yaxşı yerinə yetirə bilmirlər”.
A.Zeynalov
www.yenicag.az