“Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra tamamilə yeni reallıq bərqərar oldu”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, bu reallıqlar həm regional, həm də regiondan kənar ölkələrin siyasətlərinə, prioritetlərinə ciddi təsir etdi.
“Təsadüfi deyildi ki, Prezident İlham Əliyev inaqurasiyada çıxışı zamanı bildirdi ki, “Biz sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq”.
Sözügedən proses davam edir. Azərbaycanın istəyi odur ki, nə Ermənistan- Azərbaycan, nə də digər regional aktorlar arasında müharibə başlasın. Məsələn, bunun təzahürü idi ki, Gürcüstanda baş tutan seçkilərdə Azərbaycan qəti və açıq mövqe ortaya qoydu”.
Regionda baş verən prosesləri şərh edən politoloq qeyd edib ki, Gürcüstanla Rusiya arasında da Cənubi Osetiya və Abxaziyaya dair danışıqlar yolunun perspektivləri haqqında siqnallar verilir.
“Burda məsələ bir qədər fərqlidir. Çünki Qarabağda baş verənlərdən fərqli olaraq, ortada Ermənistan kimi alət yoxdur.
İranın mövqeyinə diqqət etsək, görərik ki, regionda Azərbaycanın güclənməsi onun maraqlarına cavab vermir. Qabarıq formada üzə çıxan türk amili mövcuddur. Lakin siyasət mövcud reallıqlar və situasiya üzərindən dəyərləndirmə tələb edir. Bu baxımdan, nəqliyyat və kommunikasiyaların açılması Rusiyanın marağında prioritet olduğundan İran Rusiya vasitəsilə tam da olmasa, ən azından neytrallaşdırılır”, – deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, Qərbin və müəyyən dərəcədə region ölkələrinin də bəzi məqamlarda marağında oldu ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından ayrı tutsunlar.
“Lakin göründüyü kimi, bu vaxta qədər də hər iki ölkədən bununla bağlı qəti mövqe səsləndirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prosesi diqqətlə izləməsini bildirməsi, zənnimcə, mane olmağa çalışan digər aktorlara da yerində xəbərdarlıqdır. Çünki burada Türkiyənin Rusiya ilə mövcud münasibətlərinə olan qısqanclığı və Qərb təsisatlarının COP29 ərəfəsi Azərbaycana olan təzyiqlərini də nəzərə almalıyıq. Lakin burda birbaşa deyil, kənar aktorlar və vasitələrlə təzyiqlərin şahidiyik. Niderland, Norveç, İsveç, erməni lobbisi kimi. Axı Co Baydenin məktubunun üslubu tam fərqli idi”, – deyə o vurğulayıb.
O qeyd edib ki, Azərbaycan nəinki Türkiyə, Rusiya, İranın siyasi maraqlarında prioritetdir, hətta Qərbə də regiona müdaxilə baxımından, Azərbaycanın maraqları nəzərə alınmadan bunun mümkünsüzlüyü aydındır.
“Buna görədir ki, orkestrın başında duran ABŞ-dan gələn ən son məktub da kifayət qədər həlim dildə idi. Hesab edirəm ki, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı bu məsələdə iqtisadi əlaqələr, faiz nisbəti ilə bağlı riyazi dəyərləndirmələr gedir.
Düşündüyüm həm də odur ki, Qərb kənar tutulduğundan qızışmağının da səbəbi məhz budur. Qərbin merkantelist keçmişi, Fransanın müstəmləkəçilik siyasəti bəlli məsələdir. Həm də Rusiyanı Ukraynada məğlub etmək, iqtisadi baxımdan çökdürmək planları istədikləri, ümid etdikləri kimi getmədi”, – deyə o bildirib.
Mayıl Soltanov
www.yenicag.az