Azərbaycanın neft qiymətindən bir ildə itkisi neçə milyard olacaq? – Ekspert
Vüqar Bayramov: “Büdcənin 88,4 faizi təmin olunmuş gəlirlər olduğundan…”
Hazırda dünya bazarında neftin qiyməti 46-48 dollar arasında var-gəl edir. Həmin azalma tendensiyasının hələ özünü bir müddət də göstərməkdə davam edəcəyi gözləniləndir. Neftin qiymət enməsi istər-istəməz dövlət büdcəsi əsasən “qara qızıl”dan formalaşan ölkələr üçün bir qədər çətinlik yarada bilər.
Görəsən, neftin qiyməti 50 dollardan da aşağı düşdüyü halda Azərbaycan büdcəsinin itkiləri nə qədər olacaq?
Yenicag.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, büdcənin ancaq 10-12 faizinin formalaşmasında çətinlik yarana bilər : “Neftin dünya bazarında qiymətinin aşağı düşməsinin dövlət büdcəsinə və Dövlət Neft Fonduna təsirləri ayrıca olaraq qiymətləndirilir. Neftin qiymətinin enməsinin ən çox təsirləri Dövlət Meft Fondunadır. Qiymətləndirmələrimiz göstərir ki, neftin qiymət enməsi Neft Fondunun büdcəsində kəsir formalaşdlracaq. Bu da neftin qiymətinin hansı səviyyəyə düşməsindən asılı olacaq. Dövlər büdcə gəlirlərinin 53,4 faizinin Neft Fondu hesabına formalaşacağını nəzərə alsaq, bu 10,3 milyard manat vəsait deməkdir. Büdcənin 35 faizi isə qeyri-neft sektorunun payına düşür. Bütövlükdə, dövlət büdcəsi gəlirlərinin 88,4 faizi təmin olunmuş gəlirlərdir. Dövlət Neft Fondu da öz vəsaitlərini büdcəyə transfer edəcək. Qeyri-neft sektorunun isə neftin qiymətilə əlaqəsi yoxdur. Bu baxımdan qeyri-neft sektorundakı gəlir, neftin dünya bazarındakı qiymətdən birbaşa asılı olmayacaq. Bu o deməkdir ki, 19,3 milyard manatlıq büdcə gəlirinin 17,1 milyard manatı praktik olaraq təmin olunub. Yerdə qalan 2,2 milyard vəsait isə birbaşa neftin dünya bazarındakı qiymətindən asılıdır. Neftin qiyməti ucuzlaşmaqla, məhz həmin 2,2 milyard manatlıq vəsaitin formalaşmasında çətinlik yaranacaq. Belədə Maliyyə Nazirliyi bəzi xərclərin ixtisarını aparmalı olacaq. Bu mənada müdafiə olunmayan xərclərin ixtisar oluna biləcəyi proqnozlaşdırılır. O baxımdan büdcə gəlirlərində azalmalar olacaq. Amma 2015-ci ilin büdcə gəlirlərinin əhəmiyyətli hissəsi, yəni 88,4 faizi təmin olunmuş gəlirlər olduğu üçün neftin qiymət enməsinin büdcəyə ciddi təsirləri olmayacaq”.
Rüfət