Bahalaşmanın altında əzilən MÜƏLLİM: "Maaş yaşayış xərclərini ödəmir"
Azərbaycanda müəllimlərin əməkhaqlarının artmaması fonunda təhsilin keyfiyyəti və regionlarda kadr çatışmazlığı ilə bağlı narahatlıqlar dərinləşməkdədir.
Yaşayış və nəqliyyat xərclərinin artması, ərzaqların bahalaşması fonunda müəllimlərin maaşlarının stabil qalması bu sahədə çalışanların sosial vəziyyətini getdikcə ağırlaşdırır.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca mövcud vəziyyətin artıq təkcə müəllimlərin rifahına deyil, ümumilikdə təhsilin keyfiyyətinə də ciddi mənfi təsir göstərdiyini deyib.
Onun sözlərinə görə, əməkhaqqının real həyat xərcləri ilə uzlaşmaması müəllimlərin dolanışığını mümkünsüz vəziyyətə salıb:
“Əvvəllər 400–500 manat maaşla ayı birtəhər başa vuran müəllim indi artan kommunal, yanacaq, nəqliyyat və ərzaq xərcləri qarşısında çıxılmaz durumda qalıb. Bu vəziyyət xüsusilə regionlarda özünü daha kəskin göstərir”.
Ekspert bildirib ki, regionlarda müəllim çatışmazlığı artıq pik həddə çatıb və mövcud maaş və güzəştlərlə kadrları rayonlara cəlb etmək mümkün deyil:
“Rəsmi qurumlar bu problemi açıq etiraf etməsələr də, real vəziyyət yoxlanılsa, bir çox fənlərin ixtisas müəllimi olmadan tədris edildiyi üzə çıxar. Regionlara göndərilən müəllimlər üçün nəzərdə tutulan stimullar və əlavə ödənişlər də ya yetərli deyil, ya da tam şəkildə tətbiq olunmur. Nəticədə gənc kadrlar bir ildən sonra bölgələri tərk edir və məktəblər yenidən müəllim qıtlığı ilə üz-üzə qalır”.
Şəmsi Qoca hesab edir ki, bu şəraitdə təhsilin keyfiyyətindən danışmaq absurddur:
“Təhsil naziri Emin Əmrullayevin çıxışlarında tez-tez Sinqapur və Cənubi Koreya təhsil modellərinə istinad olunur. Bu modelləri Azərbaycanda tətbiq etmək üçün əvvəlcə həmin ölkələrdə mövcud olan infrastruktur, müəllimlərin sosial təminatı və effektiv idarəetmə sistemi formalaşdırılmalıdır. Sinqapur modelini kağız üzərində köçürməklə, sadəcə adını çəkməklə nəticə əldə etmək mümkün deyil. Əgər müəllim maaşı yaşayış xərclərini ödəmir, regionlarda kadr tapılmırsa, hansı modeldən danışmaq olar?”
Samir Məcid












