Bakıdan Qərbə və Kremlə MESAJ: Azərbaycanın gələcəyi Şərqdədir? – Səxavət Məmməd yazır

media-hightechnic-468x90

SSRİ dağıldıqdan sonra dünya bir qütbdən ibarət idi. ABŞ açıq-aşkar hegemonluq edirdi, NATO isə hərbi güc kimi görünürdü. Xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə NATO-nun şişirdilmiş bir şardan ibarət olduğu ortaya çıxdı. NATO tarixində yalnız bir dəfə, o da ABŞ-də törədilən terror aktlarından sonra 5-ci maddəsini işə salıb və 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyatlar həyata keçirib. NATO-nun 5-ci maddəsindən daha az təsirli 4-cü maddəsi isə 5 dəfə tətbiq edilib.

NATO və onun kimi qurumların ən böyük problemi qərarvermə mexanizmidir; uzun prosedurlar, məsləhətləşmələr nəticəsində qərarların verməsidir. NATO SSRİ-i təhdidinə qarşı yaradılsa da, SSRİ dağıldıqdan sonra hədəf kimi Rusiyanı götürdü və Şərqə doğru irəliləməni əsas hədəfə çevirdi. Proseslər onu göstərir ki, NATO-nun ən böyük səhvlərindən biri elə Şərqə doğru irəliləməsi oldu. NATO özünə bufer dövlətlər saxlamaq yerinə, birbaşa Rusiya ilə sərhədə gəldi. Ən son Finlandiya və İsveç NATO-ya üzv oldu. Son üzvlərə NATO-nun ərazisi genişlənib, ancaq bunun hərbi güc artımına gətirib çıxardığını demək olmaz. Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp da NATO-nun Şərqə doğru genişlənməsinin səhv addım olduğunu dedi.

Rusiya açıq-aşkar NATO-nun hədəfi sayılır. Hazırkı şərtlərdə və nüvə silahlarını nəzərə almasaq, Rusiya ilə NATO-nu müqayisə etmək gülünc olardı. NATO-nun xərcləri təxminən 1,036 trilyon dollardır. Rusiyanın müdafiə xərcləri isə bundan qat-qat aşağıdır. Ona görə də nüvə silahını biz də, NATO da nəzərə almaq məcburiyyətindəyik. Rusiyanın hazırkı gücü ikinci qütb kimi çıxış etməyə imkan vermir. Hesab edirəm ki, hazırda ikinci qütb kimi Çin ön plana çıxıb. Şanxay Əməkdaşlıq Təşkilatı və ondan sonra keçirilən hərbi parad bir növ Çinin ikinci qütb olmasının rəsmiləşdirilməsi oldu.

Şanxay Əməkdaşlıq Təşkilatının toplantısının keçirildiyi günlərdə ABŞ prezidenti Donald Tramp bildirdi ki, Rusiya prezidenti Vladimir Putin onu məyus edib. Təbii ki, bunu müxtəlif cür şərh etmək olar. Bu məsələnin Ukrayna müharibəsi, Alyaska görüşü ilə bağlı olduğunu da demək mümkündür. Hesab edirəm ki, Trampın açıqlaması birbaşa Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı ilə bağlıdır. Çünki Alyaska görüşündən sonra Tramp müsahibələrinin birində qeyd edirdi ki, Çinlə Rusiya təbii düşməndir. Birinin əhalisi çoxdur, birinin isə ərazisi böyükdür. Trampı məyus edən Putinin Çinlə yaxınlaşmasıdır desək, yanılmarıq.

Dünyada ən çox “nüvə silahından istifadə edərik” fikrini ruslar səsləndirir, Çin isə nüvə başlıqlarını hərbi paradda nümayiş etdirdi. Donald Tramp Hindistanla Pakistan arasında toqquşmanı bitirdiyini dilə gətirir. Hesab edirəm ki, o münaqişəni Tramp yox, Çinin Pakistana verdiyi silahlar bitirdi. Hindistan Baş nazirinin də Çinə səfər etməsi, əslində, Çinin yüksək olan nüfuzunu daha da artırmış oldu. Çin, Rusiya, Şimali Koreya və İran onsuzda ortaq idilər və bu dövlətlərin hər biri NATO-nun hədəfində idi. Bu ortaqlığa Hindistan və Pakistanın da qoşulma ehtimalı yüksəkdir. Ən azı, ABŞ-nin Hindistana qarşı atdığı addımlar Hindistanı Çinə sığınmağa məcbur etdi. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Çin müharibələr dalğasını Amerika materikinə doğru aparır. Çinin, xüsusilə Meksika ilə hərbi əməkdaşlığı diqqət ediləsi məsələlərdəndir. ABŞ-nin “Tayvan kartı”na qarşı Çinin ABŞ-yə “Meksika kartı” ilə cavab vermək niyyəti ola bilər? Mümkün variantdır.

media-shanghai-img1

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü Hindistan tərəfindən veto edildi. Ancaq Azərbaycanın bu təşkilatla sıx əməkdaşlıq edəcəyi qaçılmazdır. Azərbaycanın təşkilat üzvlərindən Çinlə, Pakistanla, Rusiya ilə birgə bəyannamələri var. Hazırda Rusiya ilə soyuq olan münasibətləri nəzərə almasaq, Hindistan xaric təşkilatın bütün üzvləri ilə Azərbaycanın sıx əlaqələri mövcuddur. Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyən Azərbaycan və Ermənistan avqust ayının 8-də Vaşinqtonda ABŞ ilə birgə bəyannamə imzalayıblar. Sual yarana bilər, eyni vaxtda iki Cənubi Qafqaz ölkəsi həm ABŞ, həm də Çinin dominantlıq etdiyi cəbhədə təmsil oluna bilər? Düşünmürəm.

Azərbaycanın həm siyasi, həm hakimiyyətin qorunması, həm də iqtisadi baxımdan Şərqə üz tutacağı daha realdır. ABŞ ilə isti əlaqələr mövsümi xarakter daşıyır. Trampın hakimiyyətdə qalacağı müddət məlumdur. Tramp ABŞ-dəki siyasi sistemi, seçki sistemini dəyişə biləcək-bilməyəcək – bu hələ qeyri-müəyyəndir. Əsas məsələlərdən biri isə odur ki, ABŞ-Azərbaycan yaxınlaşması dövlətlərin yaxınlaşması deyil. Azərbaycana qarşı hər zaman Rusiya təhdidi olacaq. Rəsmi Bakı Rusiyadan sığortalanmağın yolunu Çində görür və iki ölkə arasında əlaqələrin sıxlaşacağının şahidi olacağıq. Ukrayna örnəyi göz önündədir. Qərbin sığortası Azərbaycanın sığorta şirkətləri kimidir, alan əlləri var, verən əlləri yoxdur.

Proseslər onu göstərir ki, nə Qərb, nə də Şərq cəbhəsi tam formalaşmayıb, fikir ayrılıqları mövcuddur. Ona görə də dövlətlər ortaqlarından daha çox öz gücünü artırmaqda maraqlıdır. Ona görə də silahlanmanın artan templə davam edəcəyini gözləniləndir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa