“Tramp çox çətin seçim qarşısındadır” – ABŞ–İran qarşıdurmasında yeni mərhələ

media-hightechnic-468x90

“Fars körfəzində davam edən gərginlik hər iki tərəf üçün risklidir.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

media-dccfb6d9-c74f-4065-a8dd-4ce0b141fefa

Politoloq son sutka ərzində ABŞ və İran arasında baş verən hərbi insidentləri analiz edib:

“Həm ABŞ, həm də İran 8 aprel tarixində qüvvəyə minən atəşkəsdən sonra hərbi qarşıdurmanın yenidən alovlanmasında maraqlı olmadıqlarını nümayiş etdirirlər. Tərəflər arasında müəyyən hərbi gərginlik və qarşılıqlı insidentlər davam etsə də, Pakistan, Qətər və digər vasitəçi ölkələrin səyləri ilə diplomatik təmaslar kəsilməyib.
Vaşinqton regionda yerləşdirdiyi güclü hava və dəniz qüvvələri vasitəsilə İrana təzyiq imkanlarını qoruyub saxlayır. Tehran isə atəşkəs dövründən istifadə edərək hərbi potensialını bərpa etməyə, qüvvələrini yenidən təşkil etməyə və əvvəlki hücumların vurduğu zərərləri aradan qaldırmağa çalışır.”

Ş. Həsənova qeyd edib ki, bölgədə baş verənlər həm də beynəlxalq aləm üçün də böyük risk daşıyır və təhlükəlidir:

“Fars körfəzində davam edən gərginlik hər iki tərəf üçün riskli vəziyyət yaradır. ABŞ hərbi güc nümayiş etdirməklə İranı güzəştlərə sövq etməyə çalışır. İran isə öz növbəsində müqavimət qabiliyyətinin zəifləmədiyini göstərir və zərurət yaranacağı təqdirdə ABŞ hərbi obyektlərini və regiondakı tərəfdaşlarının infrastrukturunu hədəfə ala biləcəyini vurğulayır.
ABŞ və İran arasında daha geniş siyasi razılaşmanın əldə olunması üçün ilk növbədə atəşkəsin davamlılığı təmin edilməli və gələcək danışıqların çərçivəsini müəyyən edən ilkin anlaşma əldə olunmalıdır. Lakin bu proses bir sıra maneələrlə üzləşir.
İsrailin Livanda hərbi əməliyyatları genişləndirmək niyyəti Vaşinqtonun diplomatik manevr imkanlarını azaldır. İsrail rəhbərliyi İranla hər hansı kompromisə skeptik yanaşır və belə hesab edir ki, Tehranla əldə olunacaq razılaşmalar onun təhlükəsizlik maraqlarına uyğun deyil. İran isə Livandakı müttəfiqi Hizbullaha dəstəyini davam etdirir və bildirir ki, ABŞ-la hər hansı genişmiqyaslı saziş İsrailin hücumlarının dayandırılmasını da əhatə etməlidir. Bununla yanaşı, Vaşinqton hazırda regionda gərginliyin daha da artmasının qarşısını almağa çalışır.
Hörmüz boğazı məsələsi danışıqların ən mühüm mövzularından biri olaraq qalır. Tehran bu strateji su yolunun tam açılması müqabilində sanksiyaların yumşaldılması və ya dondurulmuş maliyyə aktivlərinin qaytarılması kimi addımlar gözləyə bilər. Hazırda boğazdan keçən yükdaşımaların həcmi əvvəlki dövrlə müqayisədə xeyli aşağıdır.
Alternativ marşrutlardan istifadə edilsə də, dünya enerji bazarı ciddi itkilərlə üzləşib. Bu vəziyyət qlobal iqtisadiyyat üçün əlavə risklər yaradır və enerji qiymətlərinə təsir göstərir.”

Politoloq yaşanan hadisələrlə bağlı Trampın çox çətin seçim qarşısında qaldığını diqqətə çatdırıb:

“ABŞ Prezidenti Donald Tramp yaranmış vəziyyətdə mürəkkəb siyasi seçimlərlə qarşı-qarşıyadır. İranın müqavimət potensialının gözləniləndən daha yüksək olması Vaşinqtonun ilkin hesablamalarının özünü doğrultmadığını göstərir. Tehran isə rejimin mövcudluğunu təhlükə altında gördüyündən geri addım atmağa meylli görünmür.
Körfəz ölkələri də müharibənin iqtisadi nəticələrindən narahatdırlar. Regionun aparıcı dövlətləri sabitliyin qorunmasını və iqtisadi inkişafın davam etməsini prioritet hesab edirlər. Bu səbəbdən onlar hərbi eskalasiyadan daha çox diplomatik həll yollarının tərəfdarı kimi çıxış edirlər.
Regionda hərbi qarşıdurma tam başa çatmasa da, əsas mübarizə artıq siyasi və diplomatik müstəviyə keçib. Lakin tərəflər arasında dərin fikir ayrılıqları qalmaqda davam etdiyindən, yaxın perspektivdə davamlı və hərtərəfli sülh razılaşmasının əldə olunması çətin görünür.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05