Adı daha çox qalmaqallarda səslənirdi. Şou-biznes aləminə çəki-düzən verməyi çox sevirdi. Bütün müğənnilərin “ciki”ni də bilirdi, “biki”ni də… Bircə barmaq silkələməsi kifayət edirdi ki, şou əhli özünü yığışdırsın. Çoxlarının onun yanında, necə deyərlər, dili qısa idi. Buna görə də ondan nəinki çəkinirdilər, hətta qorxurdular da… Bu qorxu olmasaydı, bəlkə də çoxları sənət aləmində at oynadardı. At demişkən, bu gün at ölüb, itlərin bayramıdır. Söhbət Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevadan gedir.
Bu gün mərhum Xalq artistinin cismən bu dünyadan köç etdiyi gündür. Bəli, məhz cismən. Çünki İlhamə Quliyeva sənətin fövqündə dayanan müğənnidir. Onun səsi və sənəti hər zaman dillər əzbəri olub. Böyük bəstəkarlar onun səsi üçün möhtəşəm musiqilər bəstələyib. Görkəmli bəstəkar Fikrət Əmirovun İlhamə xanım üçün yazdığı silsilə mahnılar məhz onun ifasında sevilib, populyarlıq qazanıb.
Bu gün sənət dünyasında İlhamə Quliyevanın yeri çox görünür. Xüsusən də bayağı mahnıların ayaq açıb yeridiyi, trend adı altında efirlərdə, radiolarda təbliğ olunduğu bir vaxtda, özlərini ulduz hesab edən müğənnilərin meydan suladığı bir məqamda İlhamə Quliyevanın yeri çox görünür. Sən hər zaman musiqisevərlərin qəlbində yaşayacaqsan, primadonna, ruhun şad olsun!
Cəvahir
www.yenicag.az