“Ukrayna cəbhəsində Rusiya böyük itkilər verir: həm hərbi texnika, həm də canlı qüvvə baxımından. Bu itkiləri kompensasiya etmək üçün isə Moskva Şimali Koreya və Vyetnamla hərbi əməkdaşlığa başlayıb. Hətta bu ölkələrlə əhatəli müqavilələr imzalayıb ki, bu da hərbi texnika və canlı qüvvə dəstəyi nəzərdə tutur. Rusiya ilə Şimali Koreya arasında son dövrdə yaranmış bu yaxın əməkdaşlıq, o cümlədən ötən həftə müdafiə naziri Andrey Belousovun Şimali Koreyaya səfəri və Kim Çen Inla görüşü vəziyyətin ciddiliyini göstərir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, iranşünas Sədrəddin Soltan deyib.
Analitik son günlər Yaxın Şərqdə, daha dəqiq desək, Suriyada baş verən hadisələr, o cümlədən Rusiya, Türkiyə və İranın sözügedən proseslərdəki iştirak ehtimalından söz açıb.
S. Soltana görə, bir vaxtlar Rusiya Suriyada fəal hərbi əməliyyatlarda iştirak etsə də, indi o, bu mövqeyini itirir:
“Hazırda Rusiya Suriyada, əsasən, qırıcı təyyarələrlə məhdud miqyasda hücumlar həyata keçirir. Suriyadakı qüvvələrinin bir hissəsini Ukrayna cəbhəsinə dislokasiya etməsi isə onun zəifliyini daha da artırıb. Digər tərəfdən, Rusiya Suriyanın federallaşmasını dəstəkləyən tərəflərdəndir. O, hətta bir neçə il əvvəl Qərblə birlikdə Suriyanın federallaşmasına dair konstitusiya layihəsi üzərində çalışmışdı, lakin bu təşəbbüs nəticəsiz qaldı”.
Analitikin əmindir ki, Rusiya və İranın Suriyadakı maraqları bir-birinə sıx bağlıdır:
“Suriyadakı Bəşər Əsəd rejimini hakimiyyətdə saxlayan əsas qüvvələr İran və Rusiyadır. Əsədin hakimiyyətdən getməsi isə hər iki ölkənin bölgədəki təsirini əhəmiyyətli dərəcədə azalda bilər. İran bu məsələdə xüsusilə fəaldır, çünki Suriyada onun dini, ideoloji və hərbi bazaları mövcuddur. Şam yaxınlığında qurduğu dini məktəblər və hərbi bazalar İranın Suriyadakı təsirinin möhkəmləndirilməsinə xidmət edir. İran həmçinin Suriyada yerləşən Qüds Qüvvələri və digər hərbi strukturları vasitəsilə rejimi dəstəkləyir. İranın Suriyadakı fəaliyyəti onun İsrailə qarşı dolayısı ilə mübarizəsinin bir hissəsidir. HƏMAS və “Hizbullah”ı dəstəkləyən İran Suriyanı da öz strateji planlarına daxil edib. Suriyada bu təsir müxalifətə qarşı mübarizədə də özünü göstərir. İranın yüksək rütbəli hərbçilərinin, məsələn, briqada generalı Kəyumərs Purhaşiminin öldürülməsi belə bu ölkə üçün Suriyanın nə qədər vacib olduğunu nümayiş etdirir”.
“Digər tərəfdən, ABŞ, Fransa, Almaniya və Böyük Britaniya Suriyada Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən bəyanat qəbul ediblər. Bu, BMT Təhlükəsizlik Şurasının 22-54 saylı qətnaməsinə əsaslanır. Həmin qətnamədə Suriyanın gələcəyinin müxalifətin birləşməsi və keçid hökumətinin yaradılması ilə mümkün olduğu qeyd edilir. Beləliklə, proseslərin əsas hədəfi Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Ümumilikdə, regiondakı qarşıdurmaların nəticəsi Suriyanın və Əsəd rejiminin gələcəyindən asılıdır. Əsədin hakimiyyətdən getməsi həm bölgə maraqlarına, həm də Qərbin təsir planlarına təsir edə biləcək əsas amillərdən biridir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az