Dünən gecə Azərbaycan zəlzələ ilə silkələndi.
Zəlzələni hiss edən kim, hiss etməyib zarafata salan kim. Sosial şəbəkə bir anlıq zarafat meydanına çevrilir. Bir neçə dəqiqə sonra isə Şamaxı şəhərində zəlzələnin fəsadlar törətməsi barədə məlumatlar paylaşılır. Artıq vəziyət dəyişir…
Yenicag.az-ın reportyor qrupu da dəyişən vəziyyəti görmək üçün yollanır Şamaxı şəhərinə.
Səssizlik
Gecə saat 02:25. Şamaxı şəhərindəyik. Küçədə insanlar var. Ancaq şəhərə zəlzələnin şokundan xüsusi bir səssizlik çöküb. İnsanlar bir yerə yığışıb, ancaq heç kim danışmır.
Yolda olan insanlardan dağıntıların harada olub-olmamasını soruşuruq. Deyirlər, Azadlıq küçəsinə gedin. Azadlıq küçəsinə düşən kimi uzaqdan divarın uçaraq yola dağıldığını görürük. Bizimlə eyni vaxtda hadisə yerinə iki nəfər də yaxınlaşır. Kimliklərini açıqlamasalar da, Şamaxı Şəhər İcra Hakimiyyətində işlədiklərini bildirirlər. Bu an evin sahibi Teypurov Vüqar da gəlib çıxır. İcra Hakimiyyətinin nümayəndələri ilə qısa söhbət edirik. Bizə bildirirlər ki, artıq icra başçısı Tahir Məmmədov tərəfindən komissiya yaradılıb və səhər saat 07:30-dan başlayaraq fəaliyyətə başlayacaqlar.
Vüqar Teypurov bildirir ki, zəlzələ baş verən zaman evdə olublar, ancaq xəsarət alan olmayıb:
“Vaxtında çıxdıq. Evdəki əşyalar yararsız hala düşüb. Ev qəzalı vəziyyətə düşdüyü üçün evdə qalmaq mümkün olmadı, uşaqları qohum evinə göndərdik. Böyüklər isə küçədə gecələyəcək”.
Buradan uzaqlaşan zaman məhəllədə olan uşaqlar bildirir ki, 20 qanlı yanvar küçəsinə gedin, orada çoxlu sayda ev dağılıb.
Yollanırıq deyilən istiqamətə. Küçəyə çatan zaman bir daşdan hörülmüş hasarın aşdığını, bir neçə metr öndə isə yaşayış olmayan evin uçduğunu görürük. Küçəyə çıxan qonşular deyir, yaxşı ki burada yaşayış olmayıb. Yoxsa, ölüm itim olardı…
20 qanlı yanvar küçəsi, ev 11-ə gedirik. Ev sahibi Telman Xudaverdiyevdir. 12 nəfərin yaşadığı evə girmək belə təhlükəlidir. Divarlar tamamən əyilib, pəncərələr və qapılar aşıb. Ailə gecəni evin zirzəmisində keçirməli olacaq.
Məlum olur ki, bir həyətdə yerləşən 6 ev yaşanılacaq vəziyyətdə deyil.
Nağı Nağıyev zəlzələni belə xatırlayır:
“Uşaqların hərəsi bir çarpayıda yatmışdı. İkinci təkanda uşaqların baş tərəfində olan divar uçdu. Allah saxladı ki, divar döşəməyə töküldü. Yoxsa, uşaqların ikisi də ölə bilərdi. Uşaqları qohum evinə göndərmişəm”.
Nağı Nağıyevlə qonşusunun evləri arasındakı divar uçduğu üçün qonşu tərəfə oradan keçmək mümkün olur. Orada da vəziyyət eynidir. Divarlar 2-3 barmağın rahat keçə biləcəyi qədər aralanıb, pəncərələr yerdədir. Ev sakinlərinin gözlərində qorxu və ümidsizlik var…
Gecə saat 03:30. Niyazi Nəcəfov küçəsindəyik. Küçəyə daxil olanda bir anlıq adama elə gəlir ki, Novruz bayramıdır, tonqal qalanıb. 5-6 evdən bir tonqal və ətrafında insanlar.
Biz də qoşuluruq bu insanlara. Niyazi Nəcəfov küçəsinin digərlərindən fərqli olaraq işıq və qazı kəsilib. İnsanlar həm qorxudan, həm də donmamaq üçün ocaq başında gecələyəcəklərini deyirlər. Somavar çayı, maraqlı söhbətlər düz saat 07:30-a qədər davam edir.
Əslində görüntü olaraq çox gözəl ola bilər, ocaq başı, somavar çayı, maraqlı söhbətlər… Bəs insanların içindəki qorxunu, çarəsizliyi, “evlərimizi bərpa edəcəklərmi?” düşüncəsini hara yazaq? Bir də ki axı bu insanlar keflərindən küçədə qalmayıblar. Yaşı 13-dən 68-ə qədər olan insanlar səhərə qədər yuxusuz, ocaq başında gecələyiblər.
Təşviş
Çox maraqlıdır ki, kimə yaxınlaşsaq, gecə saat dörddə daha güclü zəlzələ olacağını deyirdi. Bu şaiyəni kim yayıb, niyə yayıb o da bəlli deyildi. Çox təəssüf ki, insanlar da buna inanırdılar.
Düzdür, gec saatlara qədər İcra Hakimiyyətinin nümayəndələrini küçələrdə görsək də, ancaq insanları düşünəcək, onların halı ilə maraqlanacaq bir kimsəni görmürük. Azərbaycanın ən qədim şəhərlərindən birinin əhalisi fövqəladə vəziyyət zamanı, qışın oğlan çağında niyə ocaq başında gecələməlidir? Bax, bu ciddi düşündürücü məqamdır.
Səhər açılır. Ocaq başında gecələdiyimiz Əsgərova Qəmərxanım, Babayev Səlim, Məmmədov Muradın və digərlərinin evlərində oluruq. Evlərin hansı durumda olmasını fotolardan görsənin daha yaxşı olar…
Yolla hərəkət edən zaman bir evin həm hasarının, həm də evin özünün uçduğunu görürük. Həyətdə iki nəfər var. Teymur Talıbov bildirir ki, həm evi, həm də həyəti məhv olub. Evin ani bir tərpənişdən belə tamamən çökəcəyini görmək üçün mütəxəssis olmağa gərək yoxdur. Bu evdə yaşamaq imkansızdır. Teymur və həyat yoldaşının niyə boynunu büküb evə baxdığını anlamaq da çətin deyil.
Teymurun həyat yoldaşı deyir ki, düzdür, ev köhnə idi, ancaq onlar üçün ora sarayı belə əvəz edib:
“İndi heç köhnə evimiz belə yoxdur. Qaldıq çöllərdə. 2 körpə uşağımız var. Uşağın biri 3 aylıqdır”
Zəlzələnin ən çox ziyan vurduğu küçələrdən biri də Şamaxının ən qədim küçəsi sayılan Sarıtorpaqdır.
Səfərova Zümrüdün evindəyik. Ağbirçək bildirir ki, nəvələrini güclə evdən çıxara biliblər. Onların evi də bərbad hala düşənlər siyahısındadır.
Şamaxı rayon Mirzə Məmməd küçəsi, 23 nömrəli evdəyik. Evin girişindəki hasarıb uçub dağıldığını görürük. Evdəki qabların hamısının sındığının və divarların çat verdiyinin şahidi oluruq. Ev sahibi Xankişiyev Asim bildirir ki, evi yeni təmir etdirib, ancaq zəlzələ çəkdiyi xərci yerlə bir edib.
Eyni küçədə yerləşən və Ağayev Cahangirə məxsus ev də yararsız vəziyyətə düşüb. Ev sakinləri buranın hər an uça biləcəyindən qorxduqları üçün evlərinə girə bilmədiklərini deyirlər.
Şamaxı Şəhər İcra Hakimiyyətinin qarşısına gələnə qədər bir neçə hasarın aşaraq yolu kəsdiyini müşahidə edirik. Şamaxı Şəhər İcra Hakimiyyətinin qarşısı isə insan selinə tuş gəlib. Evi zərər görən hər kəs gəlib qeydiyyatdan keçir, dövlətin yardım edib-etməyəcəyi ilə maraqlanır.
Bu məqamda Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun da Şamaxıya gəldiyi deyilir. Nazir bildirir ki, prezidentin tapşırığı ilə Şamaxıya gəlib.
Maraqlıdır, necə yəni prezidentin tapşırığı ilə? Bu qədər dağıntı olan əraziyə gəlmək Kəmaləddin Heydərovun vəzifə borcu deyil bəyəm? Nə isə…
Müşahidələrimiz onu göstərir ki, dağıntılar daha çox köhnə evlərdə baş verib. Şamaxı kimi seysmik zonada yerləşən şəhərdə buna diqqət edilməməsi və heç bir qabaqlayıcı tədbirlərinin görülməməsi də, FHN-nin mənfisinə yazılmalıdır.
Qısası, Şamaxıda olarkən “evin dağılsın”ın necə ağır bir qarğış olmasını əyani olaraq gördük və yaşadıq.
Evləri zərər çəkmiş insanlar öz aralarında söhbət edən zaman hamısı dua edir ki, 1-2 gün yağış, qar yağmasın, yoxsa batıb, qırılacaqlar.
Amin!
Səxavət Məmməd
Şamaxı şəhəri
www.yenicag.az