Cavid Qurbanov Prezident İlham Əliyevə MƏKTUB YAZDI
Kəlbəcər rayonunun ictimaiyyəti ABŞ-da Azərbaycan naminə qazanılan siyasi uğur münasibətilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Yenicag.az xəbər verir ki, Kəlbəcər rayon ictimaiyyəti adından Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov tərəfindən yayımlanan müraciətdə qeyd olunur ki, əldə edilən bu parlaq nəticə dövlət başçısının milli maraqlar uğrunda sərgilədiyi əzmkar mövqeyin, uzaqgörən siyasətinin və beynəlxalq arenada Azərbaycanın haqq səsini müdafiə istiqamətində göstərdiyi qətiyyətin bariz nümunəsidir:
“Azərbaycan bu gün Sizin rəhbərliyiniz altında tarixinin ən güclü dövrlərindən birini yaşayır. ABŞ-da əldə edilən siyasi qələbə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və milli maraqlarının beynəlxalq səviyyədə qəbul olunması baxımından strateji əhəmiyyət kəsb edir. Bu uğurlar təsadüfi deyil, illərlə davam edən ardıcıl, düşünülmüş və milli dəyərlərə sadiq siyasətinizin məntiqi nəticəsidir”.
Kəlbəcər ictimaiyyəti xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edərək xalqına qürur bəxş edib:
“Qarabağımızın, o cümlədən doğma Kəlbəcərimizin işğaldan azad olunması xalqımız üçün tarixi hadisədir. Vaşinqtonda imzalanan Birgə Bəyannamə isə Sizin növbəti parlaq qələbənizdir. Milli maraqların qorunması naminə nümayiş etdirdiyiniz prinsipial mövqe nəticəsində qalib Azərbaycanın yaratdığı status-kvo təsbit olundu, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yeni reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Müzəffər Sərkərdə kimi sülhü də qazandınız”.
Müraciətdə vurğulanır ki, Vaşinqtonda əldə edilən nəticənin tarixi və strateji əhəmiyyəti böyükdür:
“Bu uğur barədə indiki və gələcək nəsillər uzun illər danışacaq. 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında qazanılan möhtəşəm qələbələrin davamı kimi, Vaşinqtondakı diplomatik uğur da xalqımız tərəfindən daim qürurla xatırlanacaq. Sizin müdrik siyasətiniz nəticəsində Cənubi Qafqaz müharibə bölgəsindən sülh və rifah məkanına çevriləcək”.
Kəlbəcər ictimaiyyəti müraciətin sonunda dövlət başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya səmimi təbriklərini çatdırıb, onlara möhkəm cansağlığı, uğurlar və yeni tarixi nailiyyətlər arzulayıb:
“Sizin hər bir uğurunuz xalqımızın uğurudur, hər bir qələbəniz dövlətimizin gücünün təntənəsidir. Böyük Allah Sizi və ailənizi qorusun”.
Qeyd edək ki, müraciət Kəlbəcər rayon ictimaiyyəti adından Cavid Qurbanov tərəfindən imzalanıb.