“Bu gün biz Xocalıya qayıtmışıq, qisasımız alınıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq şairi Vahid Əziz Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib.
O, Xocalı qətliamının təkcə millətimizə qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı qarşı yönələn ən ağır cinayət kimi dəyərləndirib:
“Erməni quldurların öz himayədarlarının yardımı ilə törətdikləri Xocalı qətliam, amansızlıq və vəhşilik təkcə millətimizə qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı yönələn ən ağır cinayət kimi tarix səhifəsinə qanla yazılan soyqırımıdır. Bu hadisə soyqırımı olmaqla yanaşı, Ermənistanın dövlət terrorizmi və ruslarla birlikdə törətdikləri hərbi cinayət aktı idi. Bu ağrı, bu faciəni heç vaxt unutmayacağıq. Bu gün biz Xocalıya qayıtmışıq, qisasımız alınıb”.
İkinci Qarabağ savaşı kontekstində vətənpərvərlik mövzusuna, vətən uğrunda savaşa və qələbəyə həsr edilən saysız-hesabsız şeirlərin, irihəcmli əsərlərin müəllifi olan Xalq şairi həmin əsərlərdən birini – 2016-cı ildə yazdığı “Xocalı vağzalısı” adlı şeirini də oxucularla bölüşüb:
Alaçıqlar məkanından səda gəlir,
“Vağzalının” sədaları toy çalınır, bu bir özgə.
“Vağzalıdır”, böyüyüblər, Xocalıda öldürülmüş,
Körpələrin ruhlarının vüsalıdır!
Zilə qalxın, tükürpərdən haray salın zurnaçılar!
Davulçular, təbilləri elə vurun,
Məhvərindən yer oynasın!
Qoy anlayıb duysun bəşər,
Bu, elə bir itkidir ki, yaraları sağaldıqca,
Qaysaqların altındakı ağrıları dərinləşər!
Qara zurna, odlu davul,
Döyün çürük beyinləri,
Açın batmış qulaqları.
Yer üzünün bütün körpə uşaqları
Dərk eləsin, anlasın ki, nələr çəkdi.
Can verərək Xocalıda öldürülmüş yaşıdları.
Nə qədər ki, bu cahan var,
Xocalının qan donduran,
“Vağzalısı” çalınacaq!
Nakam getmiş gül balalar, and içirik baş əyərək qarşınızda,
Qisasınız alınacaq!!!
Şair qisasımızın alındığını və xocalıların Xocalıda yeni həyata başladığını fəxarətlə söyləyib:
“Əmin idim, bilirdim ki, qisas günü uzaqda deyil. O qisas alındı. Şəhid xocalıların qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı Böyük qələbəmizlə başa çatdı.
Cənab Prezident Xocalı şəhərində Azərbaycan bayrağını ucaltdı. Otuz ilə yaxın həsrətdən sonra doğma yurd-yuvalarımıza qovuşduq, ərazi bütövlüyümüz təmin olundu. Dövlət, xalq və ordu birliyi ilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “dəmir yumruğu” ətrafında birləşib, elə o “Dəmir yumruq”la da düşmənin başını əzdik. Bütün dünyaya qalib xalq olduğumuzu sübut etdik. Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinləri də işğaldan azad olunan Xocalıya qayıdır, vaxtı ilə soyqırımı acısını yaşamış bu torpaq yeni həyat başlayıb və şəhidlərimizin ruhu dinclik tapıb.
Xocalı, orada şəhid olanların hamısı hamımıza doğmadı. Möhtərəm Prezidentimizin zəfərdən sonra Qarabağda gəzmədiyi, ayağı dəymədiyi kənd, bölgə qalmadı. Onun bütün çıxışlarını qürurla izləyirdim. Amma Xocalıda İlham Əliyevin gözlərində qeyri-adi qürur, sevinc, həm də qeyri-adi kədər gördüm. Bütün şəhidlərimizin hamısının obrazı var idi onun gözlərində. Böyük bir qürur var idi ki, xalqımızı xəcalətdən qurtardı.
Cəvahir
www.yenicag.az