Elçin Şıxlı Mətbuat Şurasından getdi
“Zerkalo” qəzeti Azərbaycan Mətbuat Şurasının təsisçilər heyətindən çıxıb.
“Mətbuat Şurasından çıxmaq haqqında ərizə bir həftə əvvəl verilib”, deyə qəzetin baş redaktoru Elçin Şıxlı “Turan”a bildirib.
“Bu qərarı MŞ-nin “Zerkalo” qəzetinin düşdüyü ağır vəziyyətə biganə qaldığını gördükdən sonra qəbul etdim. MŞ sədri Əflatun Amaşov bir dəfə belə zəng edib vəziyyətimizlə maraqlanmadı”, deyə Şıxlı bildirib.
2014-cü ildə ölkənin ilk müstəqil rusdilli qəzetinə – 1990-cı ildə təsis edilmiş “Zerkalo”ya reklam verilməsi dayandırılıb ki, bu da məhvə bərabərdir. Gündəlik formatdan həftəlik formata keçdikdən sonra qəzet Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun dəstəyini almır.
Həmçinin qeyd etmək lazımdır ki, qəzetin aparıcı icmalçısı Rauf Mirqədirov aprel ayında uydurma vətənə xəyanət ittihamı ilə həbs edilib.
“Zerkalo” qəzeti 2003-cü ilin martında təsis edilmiş Mətbuat Şurasının təsisçilərinin ilk sıralarında idi. Şıxlı 2012-ci iə qədər MŞ-nin İdarə Heyətinin daimi üzvü idi. Qəzet həmişə müstəqil mövqe tutumağa çalışıb. Monitorinqlərə əsasən, o, Avropa standartlarına uyğun olaraq işlənib hazırlanmış Azərbaycan Jurnalistlərinin Peşə-Etika Məcəlləsinin standartlarına riayət edən azsaylı KİV-lərdən biri idi.