“Əlibəy Hüseynzadə – biblioqrafik monoqrafiya” kitabı işıq üzü görüb

Bu günlərdə “Əli bəy Hüseynzadə – biblioqrafik monoqrafiya“ adlı yeni kitab çapdan çıxıb.

Yenicag.az xəbər verir ki, biblioqrafik monoqrafiya Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib.

Əsərin tərtibçi–müəllifi BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının əməkdaşı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Vəzufə Xudiyevadır.

Kitabın elmi redaktoru Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov və filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva–Kəngərlidir. Yeni nəşrə filologiya elmlər doktoru Almaz Ülvi, dosentlər – pedaqogika üzrə fəlsəfə doktorları Sima İsmayılova, Solmaz Sadıqova və Xuraman Ağayeva kimi tanınmış alimlər rəy veriblər.

XX əsr Azərbaycan-Türkiyə ictimai fikir tarixinin ən görkəmli nümayəndələrindən biri, tanınmış maarifçi və yazıçı, publisist Əli bəy Hüseynzadəyə həsr olunmuş bu əsər alimin həyatını, elmi-pedaqoji, ictimai-siyasi və təşkilati fəaliyyətini əks etdirən ilk biblioqrafik xarakterli monoqrafiyadır. Kitabda mütəfəkkirin fəaliyyətinə dair 1890-2019-cı illərin faktları əhatə olunub. Biblioqrafik monoqrafiya 9 bölmədən ibarətdir.