Elmar Məmmədyarov Özbəkistanın yeni səfirini qəbul etdi – FOTO

Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarov Özbəkistanın Azərbaycana yeni təyin olunan səfiri Bahrom Aşrafxanovu qəbul edib.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, səfir Bahrom Aşrafxanov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Bahrom Aşrafxanovu səfir təyin olunması münasibətilə təbrik edib və qardaş Özbəkistan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə ediblər. Ticarət və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Mövcud pandemiya ilə mübarizə kontekstində ölkələr arasında qarşılıqlı dəstək və əməkdaşlığın zəruriliyi vurğulayan tərəflər, ümumdünya sağlamlıq böhranından sonrakı dövrdə ikitərəfli əməkdaşlıq gündəliyində duran tədbirlərin həyata keçirilməsi üzrə fikri mübadiləsi aparıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.