Ən təhlükəsiz yol Azərbaycandan KEÇİR – Orta Dəhlizin strateji əhəmiyyəti ARTIR
“Çindən Avropaya uzanan ən təhlükəsiz yolun məhz ölkəmizdən keçməsi bunu deməyə əsas verir. Hətta hava məkanı baxımından da bu gün Azərbaycan ərazisinə üstünlük verilir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, Azərbaycan üzərindən keçən Orta Dəhlizin əhəmiyyətindən danışıb.
Deputat bildirib ki, Azərbaycan, sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinin əsas strateji hədəflərindən biri kimi görür:
“Bu baxımdan, həm quru, həm də hava məkanı ilə bağlı bir neçə ildir təxirəsalınmaz tədbirlər görülür. İstər xarici, istərsə də Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün hər zaman bacardığımız qədər xarici müdaxilələri sıfıra endirməyə çalışmışıq. Hazırda şimalımızda və cənubumuzda gərgin vəziyyət mövcuddur. Orta Dəhlizin inkişafı üçün uzun illərdir Azərbaycan tərəfindən həyata keçirilən layihələrin bu gün töhfəsini görməkdəyik. Çindən Avropaya uzanan ən təhlükəsiz yolun məhz ölkəmizdən keçməsi bunu deməyə əsas verir. Hətta hava məkanı baxımından da bu gün Azərbaycan ərazisinə üstünlük verilir”.
N. Həmzəyevin fikrincə, istəyimiz qonşular arasında da sülhün olması, münaqişələrin baş verməməsidir:
“Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu ərazilər tarix boyu münaqişə mərkəzləri olub və beynəlxalq güclərin marağını cəlb edib. Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinə imkan yaradır. Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad, 2023-cü ildə isə suverenliyimizi tam bərpa etdik. Bu gün ölkəmiz regionun aparıcı dövlətlərindən biridir. Strateji tərəfdaşlarla əldə etdiyimiz razılıqlar Azərbaycanın gücünə güc qatır. Yeni dünya nizamının formalaşdığı dövrdən ölkəmiz uğurla çıxacaq”.
Nəsimi Ələsgərli