!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın Putinlə Moskva “atəşkəs”i – Türkiyə prezidenti masadan niyə qazanclı çıxdı?

!Reklam – Yazi

Türkiyə və Rusiya prezidentlərinin Moskvada baş tutan görüşü dünya gündəmində mühüm yer tutur və Yaxın Şərqdə cərəyan edən proseslərin inkişafı üçün müstəsna əhəmiyyət daşıyır.

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında həm təkbətək, həm də heyətlərarası görüş başa çatdı, müzakirələr 6 saata yaxın çəkib.

Sadəcə, liderlərin 2 saat 40 dəqiqə davam edən görüşündə İdlib məsələsi müzakirə edilib. Görüşdən sonra açıqlama verən Ərdoğan bildirib ki, atəşkəslə bağlı razılıq əldə edilib.

“Atəşkəs bu gecə saat 00:00-da qüvvəyə minəcək”, – Ərdoğan qeyd edib.

Putin görüşün nəticələrini şərh edərkən “Razılaşdıq. Danışıqların yekunu ilə bağlı sənəd imzalandı” sözlərini deyib.

Qısacası, prezidentlər ortaq bəyanatda Astana formatının davam edəcəyini bildiriblər. Yəni Rusiya və Türkiyə İranı da yanlarına almaqla dialoqa davam qərarı veriblər.

Anlaşmaya görə, prezidentlər İdlib ətrafında atəşkəsə nail olublar. İdlib ətrafındakı strateji M-4 yolu ətrafında 6 kilometrlik təhlükəsizlik koridoru yaradılacaq. Martın 15-dən başlayaraq bu yol boyu iki ölkənin ortaq patrulu işə başlayacaq. Bu arada, Rəcəb Tayyib Ərdoğan İdlibin yeni statusunun müəyyənləşdirilməsi vacibliyini dilə gətirib. Ancaq Putinin buna razılıq verib-vermədiyi bəlli deyil.

Qeyd edək ki, görüş öncəsi Suriyada Əsəd rejimi qüvvələrinin Türkiyə hərbçilərinə qarşı həyata keçirdiyi məlum aviabasqından sonra adıçəkilən ərəb dövlətində vəziyyət, həmin “teatr”dakı əsas aktyorlar arasında isə münasibətlər xeyli gərginləşib.

Qeyd olunan hücum Suriya böhranının nizamlanmasında Astana prosesi çərçivəsində üçtərəfli, eyni zamanda, ikitərəfli anlaşmalar əsasında koordinasiyalı fəaliyyət göstərən Türkiyə ilə Rusiya arasında bağları növbəti dəfə qopma həddinə çatdırıb.

Əsəd rejimini qorumaq üçün bütün imkanları məqbul hesab edən Rusiyanın Suriyada Türkiyəyə meydan oxuması, Ankaranın zəruri saydığı addımların atılmasına əngəl yaratmağa cəhd göstərməsi iki ölkənin tərəfdaşlığını ciddi aual altına alıb.

Bu üzdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri istər bu tərəfdaşlığın davam etdirilməsi, istərsə də Ankaranın Qərblə münasibətləri yenidən nizamlamaq baxımından, diqqətlə gözlənilən idi.

Qeyd etmək yerinə düşər ki, Ərdoğanın və Rusiya prezidenti Vladimir Putinin Moskva görüşünə yanaşmasındakı fərq qabarıq görünürdü. Ərdoğandan fərqli olaraq, Putin Türkiyənin İdlibdə “Bahar qalxanı” əməliyyatına başlamasına qədər bu görüşə etinasız yanaşdığını nümayiş etdirməyə çalışırdı. Lakin Türkiyənin Suriyadakı qətiyyətli hərbi aksiyaları Putini bu görüşü və onun mümkün nəticələrini ciddiyə almaq məcburiyyətinə gətirdi.

Yeri gəlmişkən, Rusiya mediası və Əsəd rejiminə bağlı mətbuat Türkiyənin “Bahar qalxanı” əməliyyatına müxtəlif don geydirmək istəsələr də, Ankaranın davranışları bu hərəkatın məqsədini açıq şəkildə ortaya qoyur.

O məqsəd İdlibdəki hansısa silahlı qruplaşmanın güclənməsinə deyil, bölgədəki atəşkəsin və bununla da dinc əhalinin qorunmasına xidmət edir. Digər tərəfdən, Türkiyə hərbi kontingentinin korrekt və dəqiq fəaliyyəti Ankaranın Suriyada hər hansı işğalçılıq niyyəti haqda danışmağa yer qoymur. Yuxarıda qeyd olunduğu kimi, Türkiyənin Suriya proseslərində iştirakı sərhədləri yaxınlığında mümkün təhlükələrin önlənməsi və dinc əhalinin mühafizəsi ilə şərtlənir.

Bu deyilənlərə şübhə ilə yanaşanların Türkiyədə sığınacaq tapan 3,5 milyon Suriya qaçqınını yada salmalarına ehtiyac var. Mövcud vəziyyətdə də Əsəd qüvvələri hərbi fəallığı artıran kimi əhali məhz Türkiyə ilə sərhədə axışır. Bunun da səbəbi sadədir: öz hökumətlərinin hücununa məruz qalan suriyalılar Əsəd rejimini yox, Türkiyəni xilaskar qismində görür.

Suriyalı qaçqınlara göstərilən qayğı ilə yanaşı, Türkiyə həm də İdlib əhalisinin ərzaq və dərman təminatını da üzərinə götürüb. Bütün bunları görüb nəzərə alan yerli əhalinin Türkiyəyə can atmasında təəccüblü heç nə yoxdur.

Türkiyənin Suriya proseslərində iştirakına qarşı çıxanların iddialarına baxmayaraq, Ankaranın həmin “teatr”a gəlişi öz ərazisi ilə bərabər, sərhədlərindən kənarda da hər hansı terror fəaliyyətini qəbul etməməsi, buna səssiz qalmaması ilə bağlıdır. İndiyə qədər keçirilmiş “Zeytun budağı”, “Barış pınarı” və davam edən “Bahar qalxanı” əməliyyatlarının başlıca məqsədi terror şəbəkələrini səradan çıxarmaq, dinc əhalini terror təhdidindən xilas etmək olub.

Bu arada Türkiyə hərbçilərinə basqından sonra dəhşətli cavab tədbirləri ilə üzləşən Əsəd rejimi özünün məhdud imkanları ilə Türkiyə əleyhinə uğursuz piar kampaniyası aparmağa çalışır.

Türkiyənin son günlərdə sərhədləri açaraq, Suriya qaçqınlarının Avropa ölkələrinə keçmələrinə şərait yaratmasından sonra yaranmış vəziyyət göz qabağındadır. Türkiyənin suriyalı qaçqınlara son 9 ildə göstərdiyi qayğı fonunda “sivil Avropa”nın, indiki halda Yunanıstanın onlara münasibətini hər kəs görür: soyğun, təhqir, hətta qətl…

Ərdoğanla Putinin Moskva görüşü təsvir olunan mürəkkəb situasiyada baş tutdu. Türkiyə prezidentinin masadakı mövqeyini gücləndirən çox mühüm amillərdən biri də ABŞ başda olmaqla, Qərbin rəğbətinin Türkiyəyə yönəlməsidir. NATO-nun baş katibi Yens Stoltenberq də fevralın 28-də verdiyi bəyanatda Türkiyənin yanında olduqlarını bəyan etməsi Rusiya üçün olduqca ciddi xəbərdarlıq sayılmalıdır.

Qeyd olunanları ümumiləşdirsək deyə bilərik ki, hazırda Suriya “teatr”ında Təşəbbüsü ələ alan Türkiyə həm də danışıqlar masasında öz şərtlərini diqtə edəcək qədər üstün durumdaydı və sonuc da görüşdə Ərdoğanın istəklərini diqtə etdiklərini göstərir.

Moskva danışıqlarından sonra atılacaq praktik addımlar bu üstünlüyün necə maddiləşəcəyini üzə çıxaracaq.

Sonuc olaraq, görünən odur ki, bölgədə müvəqqəti də olsa, atəşkəs təmin olundu. Ancaq bu atəşkəs Türkiyənin rus dəstəyi ilə hücum edən Suriyaya dərs keçməsi ilə mümkün oldu. Rusiya Türkiyə ilə əməkdaşlıq olmazsa, bölgədə gücünü qoruyamayacağını anladı. Siruya da Türkiyə ilə savaşarsa, əbədi olaraq, bölünəcəyinin fərqinə vardı. Türkiyə də Suriyada stabillik əldə olunarsa, Aralıq dənizinə tərəf rahat yönələ biləcəyini yaxşı başa düşür. Onun üçün atəşkəs hazırda bütün tərəflərin maraqlarına cavab verir.

Ərdoğan rus dəstəkli Əsədin anlaşmaya tabe olmayacağı təqdirdə isə nələrin olacağını Putinin yanında söylədi: “Türkiyə rejimin hər hücumuna cavab vermə haqqını özündə saxlamaqdadır”!

“Yeni Çağ” Analitik Qrupu

COP29

www.yenicag.az

5324
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv