Alyaska Zirvəsi: Şoumenlərin yarışı, yoxsa qırıcıların kölgəsində qalan “Sülh” görüşü
Dünyanın gözü Alyaskadaydı. Trampla Putinin görüşündən Ukrayna savaşının tamamilə bitəcəyi proqnozlaşdırılmasa da, zirvəyə diqqət böyük idi. Alyaska zirvəsi, iki liderin yeddinci, Trampın ikinci prezidentlik dövründəki ilk üz-üzə görüşü idi.
Putin bir ilki yaşadı
Bakı vaxtı ilə 23:00-da təyyarəsi Alyaskaya enən Putini Tramp qarşılayaraq, öz avtomobilinə dəvət etdi. Bu, iki ölkə tarixində ilk dəfə baş verdi. İndiyə qədər rus lider, təhlükəsizlik səbəblərinə görə, rəsmi avtomobilindən başqa heç bir nəqliyyat vasitəsindən istifadə etməyib. Bu, Trampa jest olaraq dəyərləndirildi.
Lavrovun şousuna Trampın cavabı
ABŞ-ın B-2 hərbi təyyarəsi, qırmızı xalçada yürüyən Tramp və Putinin üzərindən keçdi. Eyni zamanda qırmızı xalının ətrafı qırıcılarla zəngin idi.
Alyaskada tək şoumen Tramp deyildi. Rusiya xarici işlər naziri Lavrov, Putin-Tramp zirvəsinin keçiriləcəyi Alyaskaya “СССР” yazılı “futbolka” ilə gələrək artistlik qabiliyyətini sərgilədi.
Suallar altında “islanan” Putin
Qısa mətbuat konfransı Putinin sual yağışına düşməsi ilə yadda qaldı. Putinin bundan narahat olduğu üz cizgilərindən bəlli olurdu.
Üç saatlıq müzakirə
Rusiya ilə Ukrayna arasında olası atəşkəs və ikitərəfli əlaqələr müzakirə olundu. Görüş təxminən üç saat davam etdi. “Üçə üç” formatında Trampı ABŞ Xarici İşlər Naziri Marco Rubio və Orta Şərq üzrə Nümayəndə Steve Witkoff müşayiət edirdi. Putinin heyətində isə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və Kremlin Xarici Siyasət Məsləhətçisi Yuriy Uşakov yer aldı. Üç saatlıq görüşdən sonra tərəflərin İstanbul və ya Rusiya ərazisində görüşəcəyi gözlənilir.
Nəticəsiz görüş
ABŞ Prezidenti Donald Tramp, Rusiya Dövlət Başçısı Vladimir Putin ilə Alyaska ştatındakı görüşü ilə bağlı mühüm irəliləyişlər əldə etdiklərini, lakin son razılaşmanın əldə olmadığını bildirdi. Tramp, “Bu toplantı çox məhsuldar keçdi. Gerçəkdən böyük irəliləyiş əldə etdik. Bir çox mövzuda razılığa gəldik. Ancaq bir neçə vacib məsələdə hələ ki, tam anlaşa bilmədik,” dedi.
Putin də görüşün çox faydalı keçdiyini və Trampın Rusya-Ukrayna müharibəsinin sona çatması üçün Rusiyanın haqlı narahatlığının fərqində olduğunu vurğuladı. Putin, “Uzunmüddətli və davamlı barışa nail olmaq üçün münaqişənin əsas səbəblərini ortadan qaldırmalıyıq,” dedi.
Zelenskidən Trampa dəstək
Zirvə öncəsi açıqlama verən Ukrayna lideri Zelenski, müharibənin bitməsinin lazım olduğunu bildirdi. Zelenski, “Alyaskadakı zirvə üçlü formatda liderlər arasında əsaslı bir müzakirə mühiti yaratmalıdır. Artıq müharibənin bitməsinin zamanı gəlib. Lazım olan addımlar Rusiya tərəfindən atılmalıdır. Amerikaya etibar edirik,” dedi.
Tramp görüşdən narazıdır?
Görüşdə bir anlaşmazlıq yaşanması ehtimalını dəyərləndirən Tramp, “Əgər işlər yolunda getməsə, sürətlə evə dönərəm. Çıxıb gedərəm,” dedi. Tramp, “Bugün atəşkəs görmək istəyirəm. Əgər atəşkəs olmazsa, sevinməyəcəm,” dedi.
Nahar yeməyinin ləğv edilməsi, Trampın Vaşinqtona qayıtması, görüşün heç də deyildiyi kimi uğurlu keçmədiyini göstərir.
Rusiya Alyaskanı nə zaman satdı?
Alyaska, 1732-ci ildən Rusiya tərəfindən kəşf olunub, 1867-ci ildən Çar Rusiya tərəfindən ABŞ-a satılıb. Tarixi qeydlərə əsasən, Amerika Rusiyadan Alyaskanı 7,2 milyon dollara alıb. Alınan ümumi sahə 1 milyon 518 min 800 kvadrat kilometrdir. Yəni ABŞ, Alyaskada hektar başına təxminən 1,92 sent ödəyib. 1867-ci ildə 1 ABŞ dolları, 2025-ci ildə təxminən 21,72 ABŞ dollarına bərabərdir. 1867-ci ildə 7,2 milyon dollar bu gün təxminən 154 milyon dollar edir və 1867-ci ildə hektar başına ödənən 1,92 sent, 2025-ci ilin puluna uyğun olaraq təxminən 41,7 sent edir.