Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Yaxın Şərq və Şimali Afrika ölkələrinə səfər turnesinə Misirdən başlayıb.
Misir Ermənistanın müstəqilliyini tanıyan ilk ərəb ölkələrindəndir. Erməni nazir misirli həmkarı ilə ortaq mətbuat konfrasında Osmanlı Türkiyəsinə qarşı birgə mübarizədən və hazırda iki ölkənin təhlükəsizliklə bağlı ortaq maraqlarından danışıb. Mnatsakyan “ortaq təhlükəsizlik maraqları” dedikdə əslində hər iki dövlətin anti-Türkiyə mövqeyinə işarə edib. Təsadüfi deyil ki, erməni nazir sonrakı cümləsində Şərqi Aralıq dənizində Yunan Kiprinin, Yunanıstanın və Misirin mövqelərini müdafiə etdiklərini vurğulayıb.
Məlumdur ki, adı çəkilən ölkələr Türkiyənin Şərqi Aralıq dənizində enerji kəşfiyyat işlərinə mane olmağa çalışırlar. Daha sonra erməni nazir Şimali Afrikadakı vəziyyətlə Cənubi Qafqazdakı vəziyyət arasında paralellər aparmağa çalışıb.
Ermənistanın xarici işlər nazirinin Şimali Afrika səfərinə Misirdən başlamasının səbəbi bəllidir. Hazırda Misirlə Türkiyə arasında münasibətlər soyuqdur. Erməni nazir də bundan istifadə edərək Misirə dəstək ifadə etmək üçün Qahirəyə yola düşüb. Erməni nazirin bundan sonra Türkiyə əleyhinə siyasət yürüdən digər dövlətlərə – Yunan Kiprinə, Yunanıstana və Fransaya səfər edəcəyi də istisna deyil.
Erməni nazirin bu səfərlərdə bir başqa məqsədi də odur ki, xarici tərəfdaşlarında Türkiyə kimi Azərbaycan haqqında da mənfi rəy formalaşdırmaqdır. Azərbaycanın Yunan Kipri ilə onsuz da əlaqəsi yoxdur və adadakı yunanların Azərbaycana münasibəti bəllidir. Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın yeni səfirini Bakıda qəbul edərkən Afinanın siyasətini sərt tənqid etdi. İlham Əliyev səfirə açıq dedi ki, rəsmi Bakı Şərqi Aralıq dənizində strateji müttəfiqi Türkiyənin maraqlarını müdafiə edir. Belə olan halda Afinanın Bakıya münasibəti istiləşə bilməz. Azərbaycanla Yunanıstanı birləşdirəcək tək mövzu bu ölkəyə qaz satışı ola bilər. Afina Azərbaycan Dövlət Neft Şirkətini yerli “DESFA” şirkətinin səhmlərini almaqdan məhrum etməklə onsuz da münasibətlərə zərbə vurub. Belə olan halda erməni nazirdən fərqli olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun yaxın illərdə Afinaya rəsmi səfərini təsəvvür etmək çətindir.
Misirə gəldikdə Azərbaycanın bu dövlətlə münasibətlərində problemi yoxdur. Hüsnü Mübarək Misirin prezidenti olduğu illərdə iki dövlət arasında isti münasibətlər formalaşmışdı. Ancaq Misirdə son 10 ildə fərqli proseslər cərəyan edib və general Sisinin hakimiyyətə gəlişi ilə Qahirənin Ankara ilə münasibətləri gərginləşib. Ankara Misirdə baş verənləri çevriliş kimi dəyərləndirib. Bundan sonra Sisi Türkiyə əleyhinə siyasətdə yer alıb. Bunun nəticəsidir ki, Misir Türkiyə əleyhinə Aralıq dənizinin sərhəddinin müəyyənləşdirilməsiylə bağlı Yunanıstanla saziş imzalayıb. Halbuki, mütəxəssislərin rəyinə görə, dənizdə daha böyük ərazi əldə etmək baxımından Afina ilə imzalanan saziş Misirin maraqlarına uyğun deyil. Bu saziş təcili Afinaya lazım olub. Çünki, bundan əvvəl dəniz sərhəddinin müəyyənləşməsiylə bağlı Türkiyə Liviyanın mərkəzi hökuməti ilə saziş imzalanıb.
Azərbaycanla Türkiyə arasında strateji əlaqələr getdikcə güclənir. Bu halda hər iki ölkə bir-birlərinin strateji maraqlarını nəzərə almalıdırlar. Ancaq iki dövlət arasında xarici siyasətdə fərqli maraqlar da var. Məsələn, Türkiyənin Misirlə yanaşı İsrail, Səudiyyə Ərəbistanı, Fransa və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri gərgindir. Rəsmi Bakının adı çəkilən dövlətlərlə münasibətlərində problemləri yoxdur. Rəsmi Bakının Sisinin prezidenti olduğu Misirlə də münasibətlərində problemi yoxdur. Ancaq rəsmi Bakı üçün xarici siyasətdə manevr imkanları getdikcə darala bilər.
Rəsmi Bakı bir tərəfdən təhlükəsizlik siyasətində Türkiyənin regional maraqlarını nəzərə almalı, eyni zamanda Türkiyə əleyhinə siyasət yürüdən dövlətlərlə münasibətlərdə körpülərin yandırılmamasına çalışmalıdır. İkincini həyata keçirmək çətin olacaq. Çünki Türkiyəyə düşmən gözüylə baxan ölkələr Ankaranın strateji müttəfiqi olan Azərbaycana bundan sonra şübhəylə yanaşacaqlar. Rəsmi İrəvan bundan öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Buna yol verməmək üçün rəsmi Bakı xarici siyasətdə çevikliyini artırmalıdır.
“Atlas” Araşdırmalar Mərkəzi
www.yenicag.az