Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə oktyabrın 10-da Bakıda “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfrans işə başlayıb.
Yenicag.az xəbər verir ki, konfransda Sosial Tədqiqatlar Mərkəzindən İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Müdafiə Nazirliyinin Hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov, STM İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova, digər rəsmi şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
Sosial Tədqiqatlar Mərkəzinin İdadə Heyətinin sədri və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı cinayətlərinin külliyatını videoçarxlar, kitablara sığdırmaq mümkün deyil!
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsi əsl Nürnberq prosesini xatırlatdı və Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində əldə etdiyi parlaq qələbə ilə BMT-nin sifətini xilas etdi:
Son zamanlar Azərbaycan əsgərlərinin guya erməni hərbçilərə qarşı cinayət törətməsi videolarının yayılması Azərbaycanın qələbəsinə kölgə salmaq məqsədi daşıyır. Bu günə qədər Ermənistanın Azərbaycana qarşı cinayətlərə, Edillidə, Fərruxda tapılan kütləvi məzarlıqlarla bağlı beynəlxalq hüquqi qiymət verilməyib. Ermənistanın milli məhkəmələrində bir nəfər də olsun, Xocalı qatili mühakimə olunmayıb. Buna cəhd edən hakimiyyət və hakimləri dünya erməniliyi linç edərdi. Əksinə, onların son 30 ildəki hərbi qəhrəmanlarının çoxu millətimizə qarşı cinayət törədənlərdir.
www.yenicag.az