Gizli təmizlik ƏMƏLİYYATI?: “Burada da erməni əl izinin çıxması şəksizdir”
“Strateji olaraq dəstək planlarının hazırlanması zərurətə çevrilib”.
Bunu Yenicag.az-a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.
O, Rusiyada həmyerlilərimizə qarşı törədilən hadisələr fonunda fikirlərini səsləndirib.
F.Hüseynzadə qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra erməni lobbisi müxtəlif ölkələrdəki Azərbaycan diaspor üzvlərinə fərqli yollarla təzyiq edirlər.
“Təəssüf ki, bu kimi bir çox hallarda demokratik dövlətlərdə baş verir. Soydaşlarımıza qarşı böhtanlar ataraq məsuliyyətə cəlb edir və ya töhmətlər verirlər. Hətta bəzən soydaşlarımıza qarşı sosial mediada qarayaxma kampaniyası aparır və fəaliyyət göstərdikləri yerlərə şikayət ünvanlayırlar. Xaricdə ölümlə təhdid edilən soydaşlarımız belə var.Diasporumuza qarşı eyni təhlükə indi də davam edir. Xüsusən Rusiyada soydaşlarımıza qarşı son bir ildə daha aqressiv şəkildə təzyiqlər olunur. Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlıları kütləvi həbs etməsi və həmyerlilərimizə olunan zorakılıq bunun bariz nümunəsidir.
Həmçinin Rusiyada Azərbaycanın tanınmış diaspor üzvlərinin vətəndaşlıqdan çıxarılması və ya diaspora təşkilatlarının bağlanması hallarına da rast gəlinir. Ümumiyyətlə, Rusiyada bir çox diaspor üzvünə təşkilatları bağlamaqla bağlı dolayısı ilə xəbərdarlıq edilib. Onlar da sakitcə təşkilatın fəaliyyətini dayandırıblar.
Burada da altından erməni əl izinin çıxması şəksizdir. Çünki Rusiyadakı quberniya administrasiyalarında saysız ermənilər yüksək vəzifələrdə çalışırlar. Onlar da indiki vəziyyətdə Azərbaycan-Rusiya münasibətlərindən qıcıqlanaraq maksimum səylə imkan düşdükcə bizim diaspor üzvlərinə qarşı ləklə yaxmağa çalışırlar. Bu baxımdan erməni lobbisinin fəaliyyəti daim nəzarətdə olmalı və onların planlarına qarşı cavab tədbirləri görülməlidir.
Ümumiyyətlə, xaricdəki soydaşlarımızın təhlükəsizliyi qorunmalıdır. Artıq bununla bağlı strateji olaraq dəstək planlarının hazırlanması zərurətə çevrilib”, – deyə o bildirib.
Nəsimi Ələsgərli